Beş il əvvəl, orta ölçülü Buick Envision krossoveri, “böyük üçlüyün” Çindən ABŞ bazarına idxal olunan ilk avtomobilinə çevrilmişdi. “Made in China” damğası heç də yerli alıcıları qorxutmayıb: artıq Envision modeli 150 mindən çox nüsxədə satılıb. Buna görə də, General Motors konserni bu praktikanı davam etdirmək qərarına gəlib. Buick Envision modelinin ikinci nəsli də, SAIC GM birgə müəssisəsinin Şanxaydakı zavodundan birbaşa ABŞ-a göndərilir.

Çində yeni krossoverin təqdimatı keçən ilin yayında baş tutub və avtomobil Envision S adı ilə təklif edilir. Bunun əsas səbəbi avtomobilin birinci nəslinin hələ də Çin bazarında satılmasıdır. İndi isə, krossoverin Amerika bazarı üçün hazırlanmış versiyası təqdim olunub.

Buick Envision Avenir

Amerikada satılan Buick Envision modeli Çin versiyasından nüansları ilə fərqlənir. Nəslin dəyişməsi ilə krossover daha sanballı nisbətlərə malik olub. ABŞ üçün nəzərdə tutulmuş krossover sələfindən 21 millimetr daha qısa (4636 millimetr), 18 millimetr alçaqdır (1641 millimetr. Krossoverin təkər bazası 29 millimetr artaraq 2779 millimetrə bərabər olub. Krossover standart olaraq LED işıq texnikası ilə təchiz edilir.

Salonda klassik analoq cihazlar panelini, 10,2-düymlük ekranı olan təkmilləşdirilmiş media sistemini (baza konfiqurasiyada daha sadə ekran quraşdırılır) və transmissiyanın düyməni selektorunu görmək olar. Digər maraqlı bir xüsusiyyət salonda quraşdırılmış aktiv səs-küy boğulması sistemidir: marketoloqlar Buick avtomobillərini bazardakı ən sakit avtomobillərdən biri kimi təqdim edirlər.  Baqaj həcmi - Amerika EPA metoduna əsasən 714 litr təşkil edir.

Buick Envision Avenir

Opsiyalar arasında panoram dam, qızdırılan sükan, hava ionlaşdırıcısı, proyeksiya displeyi,  dairəvi müşahidə kameraları və arxa kameradan görüntünün ötürüldüyü salon güzgüsü də var. Bundan başqa, krossover üçün tərkibinə adaptiv kruiz-kontrol və avtomatik əyləc sistemi də daxil olan elektron köməkçilər kompleksi də nəzərdə tutulub. Envision modeli üçün qara dekor və 20-düymlük təkər disklərdən ibarət olan Sport Touring paketi də təklif olunur.

İlk dəfə olaraq, Buick Envision modeli zəngin Avenir versiyasında təklif edilir. Belə krossoverlər xırda toru olan radiator barmaqlığı, genişlənmiş xrom tərtibatı, 20-düymlük təkər diskləri, bahalı dəri ilə üzlənmiş salon və havalandırmalı ön oturacaqlar, habelə masaj funksiyasına malik olan sürücü oturacağı ilə təklif edilirlər. Yalnız Envision Avenir modelini adaptiv asqı sistemi ilə sifariş etmək mümkündür: digər versiyalarda passiv amortizatorlar, öndə - McPherson dayağı, arxada isə çoxqollu asqı quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik seçimi yoxdur: krossover 231 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və 9-pilləli “avtomat” ilə təchiz edilir. Ötürmə - ön və ya tam çəkişlidir. Üstəlik, arxa oxda sadə mufta deyil, təkərlərarası differensialı olmayan iki mufta quraşdırılıb.

İkinci nəsil Buick Envision krossover yaxın zamanlarda ABŞ-dakı diler mərkəzlərində peyda olacaqdır. Krossoverin qiyməti 33 min dollardan başlayır. Yeri gəlmişkən, keçən ildən bəri ABŞ-da təklif edilən Buick model çeşidi yalnız krossoverlərdən ibarətdir. Amerikan markasının ən son minik avtomobilləri olan Regal və LaCrosse modelləri artıq satışdan çıxarılıblar. Çində təklif edilən modellərin çeşidi daha genişdir: Buick orada çoxlu sayda minik avtomobili, miniven və elektromobilləri də təklif edir.