Bavariya markasının yeni elektrik krossoverinin rəsmi təqdimatı yaxın aylar ərzində baş tutmalıdır. Buna baxmayaraq, BMW şirkəti iNext konseptinin seriya versiyasının adını və mühərrik çeşidi haqqında məlumatı açıqlamaq qərarına gəlib. BMW Blog nəşrinin konsern daxilindəki mənbələrinə istinadən verdiyi xəbərə görə, tam ölçülü elektrik krossoveri iX adlandırılacaqdır.

Yeni elektrokarın istehsalına 2021-ci ilin yayında Dinqolfingendəki zavodda başlanacaqdır. Yeni krossoverin X3 və X5 modelləri arasında yer alacağı gözlənilir, lakin onun salonunun X5 modelində olduğu qədər geniş olacağı bildirilib. BMW iX krossoverinin mühərrik çeşidinə üç güc qurğusu daxil olacaqdır. Bu qurğuların hər biri güc və yürüş məsafəsi baxımından bir-birindən ciddi şəkildə fərqlənəcəkdirlər.

Standart olaraq, elektrik krossoveri 308 at qüvvəsinə sahib olan elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. Baza variantından bir pillə yuxarı qərarlaşacaq versiya təxminən 522 at qüvvəsinə, top modifikasiya isə təxminən 610 at qüvvəsinə sahib olacaqdır.

Bununla belə, krossoverlərin yürüş diapazonu haqqında məlumat sirr olaraq qalır - iX modelinin versiyalarından birinin ən azı 600 kilometr məsafə qət edəcəyi məlumdur. Məsələn, 74 kilovat-saatlıq batareya ilə təchiz edilmiş BMW iX3 elektrik krossoveri 460 kilometrlik yürüş ehtiyatına malikdir. Bundan başqa, iX krossoveri üçüncü səviyyəli avtopilotu olan ilk BMW modeli olmalıdır.