Jaguar XE SV Project 8 sedanı keçən ilin noyabrda Nürburqrinqdə qeydə aldığı rekordu yeniləyib. Sedan 20,6 kilometrlik dövrəni əvvəlkindən 2,9 saniyə yeyin başa vurub. Beləliklə, yeni rekord 7 dəqiqə 18,361 saniyədir.

Rekord qeydə alınan vaxt, avtomobilin sükanı arxasında BTCC və WTCC seriyalarının eks-pilotu belçikalı Vinsent Radermeker olub. Öz rekordunu yeniləmiş Jaguar XE SV Project 8 modeli, eyni zamanda, ortaölçülü seriya avtomobilləri üçün tam dövrənin (20,8 km) rəsmi vaxtını da müəyyən edib.

Ən güclü Jaguar 5,0-litrlik kompressorlu səkkiz silindrli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı 600 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu, həmçinin aktiv differensialı və elektron idarəetməsi olan tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə sedan 3.3 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 320 km/saatdır.