Yaponiyadakı ev həbsindən Livana qaçan Renault-Nissan alyansının keçmiş rəhbəri Karlos Qon dünən Beyrutda mətbuat konfransı keçirib. O, çıxışında qaçışının təfərrüatlarını açıqlamayacağını söyləyib. "Mən burada Tokyodan necə uçduğumu izah etmək fikrində deyiləm", - bildirən Qon, davam edib. - "Mənim sizi burada toplamağımda məqsəd bunun baş vermə səbəblərini açıqlamaqdır. Ləkələndiyimi və bu ləkəni üzərimdən atmaq istəyirəm”.

Qon günahının olmadığını israrla təkrar edir. O, öz həbsini və ona qarşı qaldırılmış cinayət işini "Nissan şirkətindəki bir neçə vicdansız insanın qisası" kimi səciyyələndirir, həmçinin yapon məhkəmə sistemini onun  hüquqlarını pozmaqda ittiham edir. Renault-Nissan alyansının keçmiş rəhbərinin sözlərinə görə, son 14 ay "onun üçün kabusa çevrilib".

“Mən ədalətdən qaçmamışam, ədalətsizlikdən və siyasi təqiblərdən qaçmışam. Sadəcə başqa çıxış yolum  yox idi, çünki həqiqətə və ədalətə laqeyd olan, qeyri-insani və anaxronist bir hüquq sisteminin girovuna çevrilmişdim. Vətəndaş hüquqlarım pozulmuşdu", – Qon bildirib.

Karlos Qon girov müqabilində sərbəst buraxılmasından öncə yapon həbsxanasında 130 gün keçirib. Həyatının bu dövrünü Qon belə təsvir edir: “Hər gün kamerdan kənarda 30 dəqiqə qalmaq, həftədə iki dəfə duş qəbul etmək imkanına malik idim. Bundan başqa, dərman qəbuluna məhdududiyyət qoyulmuş, səkkiz saat dindirilməklə yanaşı, vəkillərim ilə görüşmək imkanı verilmirdi”.

Qonun nümayəndələrinin bildirdiyinə görə, məhkəmə prosesi başa çatmaqdan çox uzaq idi və ən azı beş il davam edə bilərdi.  "Məlum məsələdir ki, ya ölkədən çıxmaq üçün çarə tapmalısan, ya da Yaponiyada qalıb ölməlisən", - Qon nitqini tamamlayıb.

Keçmiş top menecerin sözlərinə görə, indi o, ədalətə nail olmaq imkana malikdir. Qon, ona qarşı irəli sürülmüş bütün ittihamların, o cümlədən şirkətin vəsaitlərinin şəxsi məqsədlər üçün istifadə etməsi və birjaya təqdim etdiyi hesabatlarda aldığı mükafatların məbləğini azaltmasına dair ittihamların səhv olduğunu sübut etmək niyyətindədir.

Karlos Qon dekabr ayının sonlarında Yaponiyadan qaçaraq özəl təyyarədə Türkiyəyə, oradan isə Livana uçub. Onun ölkəni tərk etməsi təfərrüatları hələ də məlum deyil - girov şərtlərinə görə onun bütün pasportları vəkillərdə saxlanılırmış. Fərziyyələrdən birinə görə, Qon başqasının adından və sənədlərindən istifadə edib, digərinə görə isə, 65 yaşlı menecer musiqi alətinin qutusunda təyyarəyə "daşınıb".

Mənbə: CNN