Kanadalı iş adamı Lourens Stroll Aston Martin markasına sahiblənmək fikrinə düşüb. Formula 1 pilotu Lens Strollun atası və F1 SportPesa Racing Point komandasının sahiblərindən biri olan iş adamı, britaniya markasının səhmlərinin ucuzlaşmasından istifadə edərək şirkət üzərində nəzarəti təmin etmək istəyən sərmayədarlar konsorsiumuna rəhbər seçilib.

Hazırda Aston Martin şirkətinin ən iri səhmdarları italyan Investindustrial Advisors Ltd (38,8%), markanın idarə heyətinin üzvü küveytli iş adamı Nəcib Əl-Humaidhi (10,7%), amerikan Invesco Advisers, Inc (9,18%) və Aston Martin şirkətini mühərriklərlə təmin edən Daimler AG (4%) konsernidir.

Markanın iri səhm paketinin satılması şayiələrini şərh edən şirkətin rəhbəri Əndi Palmer hazırki sərmayədarların öz vəsaitlərini uzunmüddətli investisiya hesab etdiklərini və şirkətin başqa sərmayədarlar axtarmadığını bildirib.

Aston Martin şirkətinin səhmləri 2018-ci ildə birjaya çıxdıqdan sonra üç dəfə ucuzlaşıb. Lakin, şirkətin səhmlərinin Lourens Strolla satılacağı barədə şayiələr fonunda 16% artım göstəriblər. Səhmlərin ucuzlaşma səbəbi kimi avtomobilə olan qlobal tələbatın azalması və iri zərər göstərilir - 2019-cu ilin birinci yarısında şirkətinin zərəri 80 milyon funt sterlinq təşkil edib.