Mercedes-Benz GLE Coupe modelinin birinci nəsli adi GLE krossoverinin ömür yolunun tən ortasında debüt etmişdi. Kupeşəkilli crossover adi variantdan original kuzovu ilə seçilirdi. Hətta, kupe-krossun ön tərəfinin dizaynı belə adi krossoverdən seçilirdi. GLE Coupe modelinin ikinci nəsli isə, son nəsil Mercedes-Benz GLE modelinin təqdimatından bir il sonra debüt edib və dizayn cəhətdən onunla maksimal dərəcədə unifikasiya edilib. Lakin, fərqlər də mövcuddur. Əgər adi krossoverin təkər bazası 80 mm artıbsa, kupe-krossda bu rəqəm 20 mm təşkil edib. Səbəb – şassinin idman xarakterinin qorunması olub.

Sələfi ilə müqayisədə yeni GLE Coupe 39 mm (4939 mm) uzun, 7 mm (2010 mm) enli alınıb. Mühəndislər avtomobilin altlığını və kuzov bucaqlarını optimallaşdıraraq, aerodinamik müqaviməti 9% azaldıblar. Bundan başqa, GLE Coupe alçaq dam xəttinə və daha maili alın şüşəsinə malik olub. Avtomobil 19-22 düym arasında diaqonala malok olan təkər diskləri ilə təklif edilir.

İki avtomobilin interyerində demək olar ki, fərq yoxdur. GLE Coupe standart olaraq idman oturacaqları və süni dəri ilə örtülmüş ön panel ilə təchiz edilir. Ön paneldə cihazlar panelinin və MBUX sisteminin 12,3-düymlük displeylərini birləşdirən iri “qalxan” quraşdırılıb. Arxa oturacaq 40:20:40 nisbətində bölünür və üç sərnişin üçün nəzərdə tutulub.

Avtomobilin baqaj bölümünün həcmi 5 litr artaraq 655 litrə bərabər olub. Arxa oturacaqların açılması halında 1790 litr yük götürmək imkanı yaranır. Bu əvvəlkində 70 litr çoxdur. Beşinci qapının kandarı da 60 mm aşağı salınıb. Adi GLE modeli kimi, Coupe də üç asqı növü ilə təklif edilir. Standart olaraq şassi yaylıdır, ikinci səviyyə - Airmatic pnevmatik asqısı, top variant isə, E-Active Body Control asqısı ilə təchiz edilir.

İlkin olaraq, GLE Coupe üç modifikasiyada təklif ediləcəkdir. İki modifikasiya 2,9-litrlik sıralı altısilindrli dizel mühərrik ilə təchiz edilir. GLE 350 d versiyası 272 at qüvvəsi və 600 Nm, GLE 400 d isə 330 at qüvvəsi və 700 Nm malikdir.  Güc aqreqatı 9G-Tronic qutusu və 4Matic tam çəkiş sistemi ilə tandemdə çalışır.

Üçüncü modifikasiya Mercedes-AMG GLE 53 Coupe-dir. “Qaynar” krossoveri AMG modellərinə məxsus olan kuzov dekoru sayəsində ayırd etmək olar. Krossover 435 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən 3,0-litrlik R6 mühərriki ilə təchiz edilir. Bundan başqa, krossover EQ Boost hibrid sisteminə də sahib olub. 48-voltluq elektrik şəbəkəsindən qidalanan electromotor 22 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir. Mercedes-AMG GLE 53 Coupe 100 km/saat həddinə 5,3 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AMG modeli AMG Speedshift TCT 9G "avtomatı",tam çəkiş sistemi və iri əyləc mexanizmləri ilə təchiz edilir. Standart asqı pnevmobalonları olan AMG Ride Control+ sistemidir. Əlavə ödənişlə, aktiv stabilizatorları olan AMG Active Ride Control asqısını da sifariş etmək olar.

Mercedes-Benz GLE Coupe modelinin qoşulan hibrid güc aqreqatı ilə təchiz ediləcəyi də gözlənilir. Modelin kütləvi debütü Frankfurt avtosalonunda keçiriləcəkdir. Kupe-krossun satışlarına gələn ilin yazında start veriləcəkdir.