Pagani şirkətinin yaradıcısı Horasio Paqani marka rəhbərliyinin ilk ofrouderi buraxmaq haqqında ciddi şəkildə düşündüyünü söyləyib. Krossover 2025-ci ildən sonra işıq üzü görə bilər.

«Autocar» nəşrinə müsahibə verən Horasio Paqani italyan markasının 2025-ci ildən sonra «radikal» bir model buraxmaq istədiyini bildirib. Onun sözlərinə görə, şirkətin rəhbərliyi hətta, markanın tarixindəki ilk ofrouderi də buraxmaq variantını da nəzərdən keçirir. Əgər Pagani markasından olan  krossover debüt edərsə, onun qiyməti üç milyon avrodan az olmayacaqdır. Eyni zamanda, Paqani belə avtomobilə də müştəri tapılacağına inanır.

Əgər krossoverin buraxılmasına «yaşıl işıq» yandırılarsa, italyan istehsalçısı onu Mercedes-Benz mühəndisləri ilə birlikdə hazırlamağa üstünlük verəcəkdir. Paqani alman istehsalçısının bu seqmentdə çoxdan fəaliyyət göstərdiyini və öz platformaları ilə bölüşə biləcəyini bildirib.

Bundan başqa, Paqani Huayra modelinin C10 indeksli davamçısının elektrik güc qurğusu ilə təchiz ediləcəyini bildirib. Bununla belə, hiperkarın əsas güc aqreqatı Mercedes-AMG bölümünün V12 mühərriki olacaqdır. V12 mühərriki ilə yanaşı, hiperkarın mühərrik çeşidinə elektrik aqreqatı da daxil ediləcəkdir.

Markanın banisi alıcıların getdikcə «cavanlaşdığını» bildirir. Əvvəllər Pagani modellərinin alıcıları 50 yaşından yuxarı kolleksiyaçılardan ibarət idisə, indi müştəri bazasının böyük hissəsini ekologiya və elektrikləşdirməni vacib sayan  gənclər təşkil edir.