Nürbuqrinqin 18 ay bundan öncə Audi RS Q8 krossoveri tərəfindən qeydə alınmış rekordu yenilənib. Üstəlik, “bərkgedən” Audi krossoverini taxtından ən yaxın qohumu - Porsche Cayenne Coupe tərəfindən endirilib. Qeyd etmək gərəkdir ki, indeksi naməlum olan kupe-krossoverin təqdimatı yaxın zamanda baş tutmalıdır.

Yeni modifikasiya, hibrid əlavəsi olmayan V8 mühərriki ilə təchiz edilmiş Cayenne Turbo Coupe krossoverinə əsaslanır və onun təxminən 640 at qüvvəsinə malik olduğu söylənilir. Belə krossover Cayenne ailəsinin ən yeyin və ekstremal nümayəndəsi olacaqdır. Nürburqrinqin rekordu bunun əyani sübutudur.

Rekord cəhdi 14 iyunda, havanın 23 dərəcəlik temperaturunda baş tutub. Şirkətdən, rekordu qeydə alan Cayenne krossoverinin tamamilə seriya modeli olduğunu və hətta bu model üçün xüsusi olaraq yaradılan 22-düymlük Pirelli P Zero Corsa şinlərinin konveyer təchizatına daxil olacağını bildiriblər.

Təkmilləşdirmələr təhlükəsizlik qəfəsindən, yarış kreslosundan və kuzovun nəzərə çarpmayan kamuflyajından ibarət olublar.

Yeni Cayenne modelini idarə edən Porsche şirkətinin zavod pilotu Lars Kern 20.832 kilometrlik dövrəni 7 dəqiqə 38.925 saniyəyə qət edib. O, Audi RS Q8 modelinin qeydə aldığı rekordu 3.3 saniyə yaxşılaşdırılıb və 163.4 km/saatlıq ortalama sürəti nümayiş etdirib.

Lars Kernin sözlərinə görə, cəhd zamanı iri və ağır krossover dönmə çatışmamazlığı kimi əlamətləri nümayiş etdirməyib.

Yeri gəlmişkən, 2010-cu ildə belə bir zaman 997 seriyasından olan Porsche 911 Turbo kupesi tərəfindən qeydə alınmışdı.