Smart şirkəti yeni modelinin tizer kampaniyasını davam etdirir. Hələlik adı məlum olmayan krossover, bu markanın tarixindəki ən böyük avtomobil olacaqdır. Yeni krossover Mercedes-Benz və Smart markasının 50 faizinə sahib olan Geely şirkətlərinin birlikdə hazırladıqları ilk model olacaqdır. Yeni tizerdə avtomobil yuxarıdan göstərilib. Tizer sayəsində damında qeyri-adi naxışın olan avtomobilin qabaritləri barədə mülahizə yürütmək mümkündür.

2019-cu ildə, Daimler AG konserninin 9,7 faizlik səhm paketinə sahib olan Geely konserni, alman nəhəngindən Smart şirkətinin 50 faizlik hissəsini satın alıb. Bir il sonra isə, Geely və Mercedes-Benz şirkətləri Çin və Almaniyada satılacaq Smart elektromobillərini birlikdə istehsal etməyə qərar veriblər.

7 sentyabrda fəliyyətinə başlayacaq Münhen avtosalonunda debüt edəcək krossover, yeni Smart erasının ilk modeli olacaqdır.

Yeni model B sinfinə aiddir. Avtomobilin uzunluğu dörd metrdən çoxdur. Bu da onu Smart markasının tarixindəki ən böyük avtomobil edir. Qeyri-rəsmi məlumata görə, elektromobilin əsasını Geely tərəfindən hazırlanmış platforma təşkil edir.

Söhbət, Pure electric Modular Architecture platformasından gedir - bu addan əvvəllər Geely şirkətinin SEA (Sustainable Experience Architecture) üçün istifadə edilmişdi. Tərəflər yeni modelin güc qurğusu və batareyası barədə heç bir məlumat verməyiblər. Lakin ilkin məlumata görə, elektrik krossoveri NEDC dövrünə əsasən 500 kilometrə qədər məsafə qət edə biləcəkdir.

Modelin görünüşünə gəldikdə isə, krossoverin dizaynı üzərində Daimler konserninin baş dizayneri Qordon Vaqenerin rəhbərlik etdiyi alman stilistlər qrupu işləyib.

Krossoverin xarici görünüşü əvvəlki Smart modellərindən fərqlənir: elektrokar “süzən” arxa dirəklərə, spoylerə, dam reylinqlərinə, habelə kandar və bamperlərin üzərindəki müdafiə örtüklərinə sahib olacaqdır - bu atributlar modelin “allroad” xüsusiyyətini nümayiş etdirir.

Smart elektrokarının istehsalı Daimler və Geely konsernlərinin 2,7 milyard yuan (təxminən 389 milyon dollar) sərmayə qoyduqları Çindəki zavodda təşkil ediləcəkdir. İlk elektromobillər 2022-ci ildə bu müəssisənin konveyer xəttindən çıxacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.