Cenevrə avtosalonunda Volkswagen şirkətinin tarixində ən güclü dizel krossoverinin debütü baş tutacaqdır. Bu, Audi SQ7 modelinin mühərriki ilə təchiz edilmiş Touareg V8 TDI modelidir. Yeni modifikasiyanın avropa bazarındakı satışlarına may ayının sonunda start veriləcəkdir.

Volkswagen Touareg V8 TDI modeli 421 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli turboizel ilə təchiz ediləcəkdir. Bu mühərrik Audi SQ7 və Bentley Bentayga modellərində elektrik kompressoru ilə təchiz ediləsə də, Touareg modelinə onun iki turbokompressorlu variantı qismət olub. Ən güclü Touareg 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 250 km/saat həddində məhdudlaşdırılıb.

Modelin alıcıları iki dizayn dəstindən birini seçə bilərlər – Elegance və Atmosphere. Birinci variant soyuq, metal çalarların, ikincisi isə, daha isti, ağac çalarlarının olmasını nəzərdə tutur. Bununla belə, tərtibat səviyyəsindən asılı olmayaraq, qapı panelləri dəri ilə üzlənəcəkdirlər. Krossoverin təchizatına pnevmoasqı, baqaj qapağının elektrik ötürməsi, paslanmayan poladdan pedallar, fənərləri avtomatik idarə edən Light&Sight dəsti və 19-düymlük təkər diskləri daxildir.

Bundan başqa, VW Touareg V8 TDI gecə görüntü sistemi, tıxaclarda hərəkət yardımçısı, dönən arxa təkərlər, elektromexaniki stabilizator və IQ Light matrisa fənərləri ilə komplektləşdirilir.