Honda Civic Type R modelinin tizer kampaniyası finiş düzlüyünə çıxıb. Yapon markası qısa videoçarxı dərc edərək, yeni nəsil “bərkgedən” hetçbekin debüt tarixini açıqlayıb – yeni nəsil Honda Civic Type R modelinin təqdimatı 21 iyul tarixində keçiriləcəkdir.

Tarixlə yanaşı, çarxda Civic Type R modelinin gücü artırılmış mühərrikinin səsi eşidilir, qaranlıqdan çıxan ön hissəsi və yapon hetçbekinin rekorda imza atdığı Suzuka trekində çəkilmiş tanış kadrlar nümayiş olunur.

Yeni Honda Civic Type R modeli eksteryerdəki təkamül xarakterli dəyişikliklərə malik olacaqdır. Hetçbek daha iri radiator barmaqlığına, başqa bamperlərə, daha geniş təkər tağlarına, arxa antiqanada və buraxılış sisteminin mərkəzdə yerləşdirilmiş üç çıxış borusuna sahib olacaqdır.

“Bərkgedən” hetçbek 320 at qüvvəsi hasil edəcək 2,0-litrlik dördsilindrli turbomühərrik və mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir. Proqnozların əksinə olaraq, “bərkgedən” hetçbek tam ötürmə sistemini almayacaq və öndənçəkişli olacaqdır.  

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.