2023-cü ildə debütü gözlənilən yeni nəsil Volkswagen Passat modeli haqqında təfərrüatlar məlum olub. "Autocar" nəşrinin bildirdiyinə görə, yeni Passat modeli premium seqmenti hədəfə alacaq və elektriklə hərəkətə gələn versiyaya sahib olacaqdır.

Volkswagen şirkəti doqquzuncu nəsil Passat modelinin layihəsinə yaşıl işıq yandırıb, lakin yeni model bazara tam başqa ampluada çıxacaqdır. Birincisi, Passat modelinin növbəti nəsli cari modeldən daha premial olacaq, ikincisi isə, daxili yanma mühərrikləri ilə təchiz edilmiş versiyalara yanaşı, elektrik güc qurğusu ilə hərəkətə gələn modifikasiyanı da əldə edəcəkdir. 

Britaniya nəşrinin bildirdiyinə görə, yeni Passat modeli 2023-cü ildə bazara çıxacaq, universal və sedan (və ya eyni platformanı bölüşdüyü Skoda Superb kimi liftbek) kuzovları ilə təklif ediləcəkdir. Artırılmış klirensi olan Passat Alltrack modelinin debüt edəcəyi də gözlənilir.

Son məlumatlara görə, növbəti nəsil Passat modelinin istehsalı Skoda avtomobillərini yığacaq yeni zavodda təşkil ediləcəkdir. Eyni zamanda, son 36 ildə Passat modelinin buraxıldığı Emden şəhərindəki zavod tamamilə ID.4 elektrik krossoverinin istehsalına keçəcəkdir. Bu zavod yenidən qurulacaq və 2022-ci ildə elektrokarların istehsalına başlayacaqdır.

Hazırda Volkswagen Passat modeli iki fərqli platformada istehsal edilir: Avropa versiyası MQB modul platformasına, Çin və ABŞ üçün nəzərdə tutulmuş versiya isə PQ46 polatformasına əsaslanır. 2023-cü ildə baş verəcək nəsil dəyişikliyi ilə birlikdə Passat modeli tamamilə MQB platformasına keçəcəkdir.

İnsayerlərin bildirdiyinə görə, zavoddaxili B9 indeksinə malik olan yeni Passat modelinin dizaynı artıq razılaşdırılıb. Model daha geniş salona və daha konservativ dizayna sahib olacaqdır. Bundan əlavə, yeni Passat modeli üçüncü səviyyəli avtopilot ilə təchiz ediləcəkdir.