Niderlanddan olan PAL-V şirkəti 2001-ci ildən uçan avtomobillərin yaradılması ilə məşğul olur. Bu günlərdə şirkət ilk seriya modelinə sifarişləri qəbul etməyə başlamışdır. Liberty adını almış aeromobilin Pioneer Edition xüsusi variantı 499 min avroya satılacaqdır. Bununla belə, hazırda şirkət yalnız 25 min avro behi qəbul etməyə üstünlük verir. Müştərinin aeromobili almaqdan imtina etməsi halında beh qaytarılmır.

Niderland şirkəti 90 ədəd Liberty Pioneer Edition modelini satmağı planlaşdırır.

Sonradan alıcılara Liberty Sport modifikasiyası təklif ediləcəkdir. Bu modifikasiya üçün beh 10 min avro təşkil edəcəkdir. Liberty Sport modelinin baza variantı 299 min avroya satılacaqdır. Pioneer Edition variantının Sport modelindən fərqi xüsusi təchizat və müxtəlif bonuslardan ibarətdir. Misal üçün “pioner” modifikasiyası, müştərinin arzusuna uyğun rəng sxeminə və salon tərtibatına malik olacaqdır. Bundan başqa, müştərilər aeromobilin idarəedilməsinin tədrisi zamanı şirkətin təlimatçılarının tam dəstəyini alacaqdırlar. Aeromobili idarə etmək üçün tələb edilən pilot lisenziyasını PAL-V şirkətinin məktəbində əldə etmək olar.

Liberty Pioneer Edition sahibləri üçün qızıl lövhədə aeromobilin fərdi nömrəsi olan xüsusi sertifikat da hazırlanacaqdır.

Havada və yer üzrə hərəkət üçün PAL-V modelləri Rotax mühərrikindən və iki vintdən ibarət quraşdırılmış transmissiyadan istifadə edirlər. İstehsalçının boildirdiyinə görə, avtomobilin uçuşa hazırlanması üçün 10 dəqiqə kifayət edir. Aparıcı vint avtomatik olaraq açılsa da, arxa vintin pərlərini və digər konstruksiyanı əl ilə hazırlamaq tələb olunur. Avtomobilin havaya qalxması üçün 90 -200 metr arasında məsafə tələb edilir.

“Yer” rejimində üçtəkərli Liberty modelinin gücü 100 at qüvvəsi təşkil edir. Yerindən 100 km/saat sürətinə qədər avtomobil 9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 160 km/saatdır. Ortalama yanacaq sərfiyyatı 100 kilometrə 7.6 litr təşkil edir. Havada eromobil 180 km/saat sürəti ilə uçmağa qadirdir. Onun minimal sürəti isə 50 km/saatdır. Mühərrikin gücü 200 at qüvvəsinə çatır. Uçuşun maksimal hündürlüyü 3500 metrə bərabərdir.

Aeromobilin uçuş məsafəsi 500 kilometrə qədərdir. Liberty modelinin maksimal qalxış çəkisi 910 kiloqramdır. Aeromobili adi benzinlə doldurmaq olar. İlk aeromobillər alıcılara 2018-ci ilin iyulunda çatdırılacaqdır.

Image alt Image alt Image alt