Bütün dünyadakı aviaşirkətlərin böyük əksəriyyəti Kovid-19 virusunun yaratdığı iqtisadi çətinliklərlə mübarizə aparmaq üçün müxtəlif yollara əl atır. Bunların arasında işdən çıxarma, maaşların azaldılması, məcburi məzuniyyətə göndərmə kimi üsullar var. Reuters agentliyi bir neçə aviaşirkətin atdığı addımları təhlil edib.

Air Canada 15200 nəfəri məzuniyyətə göndərib, 1300 nəfəri isə işdən müvəqqəti uzaqlaşdırıb. Artıq daxili uçuşlarını bərpa edən Air New Zealand isə işçilərin üçdə biri ilə - təxminən 3500 nəfərlə vidalaşmağı düşünür. Ən çətin vəziyyətə düşmüş şirkətlərdən biri olan Alitalia da daha 2900 nəfərin işdən çıxarılması üçün hökumətdən icazə istəyib. Müsbət cavab verilərsə, belə işçilərin sayı 7000-ə yüksəlmiş olacaq. American Airlines-ın pilotlar birliyi 4800 pilotun qısa müddətli ödənişsiz məzuniyyətə çıxmasına razı olub. 715 pilot isə vaxtından əvvəl təqaüdə göndərilib. 

Emirates maaşları 50%-ə qədər azaldıb. Bəzi əməkdaşlardan ödənişsiz məzuniyyətə çıxmaları istənilib və yeni işçi qəbulu dayandırılıb. Lufthansa isə əməkdaşlarının 60%-dən çoxuna qısa iş proqramı tətbiq edir. British Airways pilotlarının maaşını yarıya qədər azaldıb və 30 mindən çox işçinin fəaliyyətinə son verəcəyi gözlənilir. Sky News-un müxbirlərindən biri isə iddia edib ki, şirkət 800 pilotu işdən çıxarmaq üçün proqram hazırlayır. Uçuşlarına davam edən Qatar Airways isə hələ ki, cəmi 200 nəfərlə vidalaşıb.

Avropanın lou-kost şirkətlər arasında lider olan Ryanair maaşları ciddi şəkildə azaldıb, əməkdaşlara müvəqqəti işdən çıxma və ya ödənişsiz məzuniyyət götürmək variantları təklif edilib. Lakin şirkət həm də onu bildirir ki, kollektivin 20%-nin fəaliyyətinə son qoymağa məcbur ola bilərlər.