Uzun müddətdir ki, “pərdə-plyonka” mövzusu yaddan çıxmışdı və şəhərdəki avtomobillərin demək olar ki, 90 faizi artıq tündləşdirilmiş arxa pəncərələr ilə istismar olunur. Amma deyəsən kimələrsə bu məsələni yenidən gündəmə gətirmək lazım olub. Atalarımız demişkən - ayının min oyunu varsa, o da ağacın başındakı bir armud üçündür…

Bu “armudsevənlər” bulanıq suda balıq tutmaq üzrə ixtisaslaşıblar və bu mövzunun sürücülər üçün nə qədər həssas olduğunu gözəl bilirlər. Arxa pəncərələrin tündləşdirilməsinin təhlükəsizliyə təsir etmədiyi barədə kifayət qədər yazılıb. Mən də bu barədə uzun-uzadı yazaraq vaxtınızı almaq istəməzdim. Bunun əksi olsaydı, avtomobil istehsalçıları öz modellərini artıq konveyerdə belə şüşələrlə təchiz etməzdilər.

Nə isə, məncə bu məsələyə birdəfəlik əncam çəkməyin tam vaxtıdır. Yoxsa bu mövzudan istifadə edərək aranı qarışdırmaq istəyənlərin “dəyirmanına” su axmağa davam edəcəkdir. Bu axının qabağını vaxtında kəsmək çox vacibdir.

Sonra demədi, deməyin...