Porsche şirkəti misilsiz addım ataraq, ekstremal 911 GT2 RS sportkarının dörd əlavə nüsxəsini buraxacaqdır. Bu avtomobillər "Grande America" konteynerdaşıyanında baş vermiş yanğın zamanı məhv olmuş sportkarları əvəz edəcəkdir. Sportkarlar ilkin planlaşdırılmış qaydada buraxılacaq və iyun ayında müştərilərə çatdırılacaqdır.

Fransa sahilindən 180 dəniz mili uzaqlığında batmış "Grande America" yük gəmisi 345 konteyner daşıyıb və onlardan 40-da təhlükəli maddələr mövcud olub. Bundan başqa, gəminin göyərtəsində 200 avtomobil varmış ki, bunlardan 37 ədədi Porsche modelləri olub. Bu avtomobillərdən dördü ekstremal Porsche 911 GT2 RS modeli olub. Digər avtomobillərin arasında Audi RS4 və RS5 modelləri də mövcud olub.

Avtomobilləri sifariş etmiş Porsche şirkətinin braziliya ofisi onları itmiş elan edib. Porsche şirkəti isə, misilsiz addım ataraq 911 GT2 RS modelinin istehsalını bərpa etmək qərarını qəbul edib. Xatırladaq ki, Porsche 911 GT2 RS modelinin istehsalına bu ilin fevralında son verilib.

Arxa çəkişli superkar 700 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə yeni superkar 2,8 saniyəyə sürətlənir. Superkar yarış asqısını, tam idarələnən şassini, karbon-saxsı əyləc mexanizmlərini, 100 faizlik qapanması olan differensialı, idman rejimi olan yenidən tənzimlənmiş stabilizasiya sistemini, öndə 20-düymlük, arxada 21-düymlük təkər disklərini əldə edib. Bu disklər müvafiq olaraq 265/35 və 325/30 ölçülü şinlərlə təchiz edilir.