Frauscher x Porsche 850 Fantom Air sürət qayığı 100 kilovat-saatlıq batareya və 544 at qüvvəsi hasil edən elektrik mühərriki ilə təchiz edilir. Yerdəyişmə rejimində o, 100 kilometrdən çox məsafə qət edə bilər. Qayıq həmçinin Dock “yanaşma” rejimindən tutmuş yüksək sürətli Sport+ rejiminə qədər dörd hərəkət profilinə və F. A. Porsche studiyası tərəfindən hazırlanmış idarəetmə postuna malikdir.

Avstriyanın Frauscher Bootswerft tərsanəsi 561 700 avro dəyərində Frauscher x Porsche 850 Fantom Air elektrik qayığına sifarişləri qəbul etməyə başlayıb. Sürət qayığı, adından da göründüyü kimi, Porsche ilə əməkdaşlıqda yaradılıb, özü də almanların gördüyü işlər təkcə idarəetmə postunun layihələndirməsi və dekor ilə mədudlaşmayıb.

Qayıq bəzi güc aqreqatı komponentlərini gələcək Macan krossoverinin elektrik versiyasından götürüb. Buraya tros dempferlərində quraşdırılmış 100 kilovat-saat tutumlu 800 voltluq batareya və daimi gücü 231, pik gucu isə 544 at qüvvəsi olan elektrik mühərriki daxildir.

Porsche avtomobilləri ilə paralellər bununla bitmir, çünki qayıq dörd idarəetmə rejimi seçimini təklif edir: Dock, Range, Sport və Sport+. Onların hər biri özünəməxsus reaksiya əyrisinə və sürət limitinə malikdir. Beləliklə, “yanaşma” rejimi səkkiz düyün və ya 15 km/saatdan çox sürətlənməyə imkan verməyəcək, Sport+ rejimində isə, məhdudlaşdırıcı yalnız 85 km/saat həddində işə düşəcək.

Sürətdən asılı olaraq batareyanın tutumu 45-100 kilometr üçün kifayət etməlidir, ona görə də Monakodan Kann vasitəsilə San-Tropeyə üzüb getmək tamamilə realdır. Ancaq bundan sonra batareyanı yenidən doldurmaq lazım olacaq. 250 kilovat gücündə terminaldan istifadə etdikdə, batareyanın 80 faizini doldurmaq yarım saatdan az vaxt gərəkdir.

F.A.Porsche studiyası tərəfindən hazırlanmış idarəetmə postu 911 sportkarı da daxil olmaqla, məşhur idman avtomobillərindən ilham alınaraq yaradılıb. Burada, duzlu sudan xarab olmasın deyə süni dəri ilə örtülmüş tanış  sükanı, analoq cihazlar panelini, habelə inteqrasiya olunmuş başlıqları və inkişaf etdirilmiş yan dəstəyi olan iki oturacağı görmək olar.

Detalla göstərilən diqqət də təsiredicidir! Məsələn, ön panelin ucları vinqletlər – yəni qanad ucluqları şəklində hazırlanır, lakin onlar funksional olaraq tutacaq rolunu oynayırlar. Sürət qayığının standart təchizatına döndərmə üçün burun qurğuları, Bluetooth və WiFi ilə audio sistemi, günəşdən qorunmaq üçün talvarlar və sualtı işıqlandırması da olan xarici işıqlandırma sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

25 qayıqdan ibarət ilk partiya 2024-cü ildə müştərilərə təhvil veriləcək. Sifariş verərkən, müştərilər divan və şezlonqlar üçün üzlük variantlarını, həmçinin korpusun və göyərtənin rəngini seçə bilərlər. Frauscher Bootswerft tərsanəsinin müştəriləri öz arzu və istəklərini tam şəkildə həyata keçirə bilərlər, çünki şirkət onları Porsche avtomobillərində mövcud olan boyaların tam palitrası ilə təmin etməyi öz öhdəsinə götürüb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.