Porsche şirkəti 718 ailəsinin yeni üzvlərini təqdim edib. Bu günə qədər 718 Boxster və 718 Cayman modelləri 300 at qüvvəli 2,0-litrlik və 350 at qüvvəli 2,5-litrlik dörd silindrli turbomühərrikləri ilə təklif edilirdi. Bu gündən onlara ən güclü GTS variantı da yoldaşlıq edəcəkdir.

Porsche 718 Boxster GTS və Cayman GTS modelləri 365 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,5-litrlik turbomühərrik ilə hərəkətə gəlirlər. Beləliklə, GTS variantı 2,5-litrlik mühərriklə təchiz edilən S variantdan 15 at qüvvəsi və 10 Nm güclüdür. Xatırladaq ki, Boxster və Cayman modellərinin əvvəlki GTS variantı 330-340 at qüvvəsi və 370-380 Nm fırlanma anı təklif edən 3,4-litrlik altı silindrli atmosfer mühərriki ilə təchiz edilirdi.   

GTS variantında olan Porsche 718 modelləri altı pilləli mexaniki və yaxud yeddi pilləli PDK “robotu” ilə təklif ediləcəkdir. GTS modelləri standart olaraq Sport Chrono dəsti, klirensi 10 millimetr azaldılmış adaptiv PASM asqısı, özüqapanan differensial və dartma vektorunun elektron imitasiyası sistemi ilə təchiz olunur.  PDK qutusu ilə təklif edilən Boxster GTS və Cayman GTS sportkarları 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənirlər.

Onların maksimal sürəti 290 km/saatdır. Müqayisə üçün S indeksli avtomobillərdə bu göstəricilər, müvafiq olaraq, 4,2 saniyə və 285 km/saatdır.

Ənənəyə sadiq olaraq, GTS modelləri tünd rəngli dizayn dəsti ilə seçilirlər. Bu dəstin tərkibinə tündləşdirilmiş ön və arxa fənərlər, ön bamperdəki qara rəngə boyanmış əlavələr, qara emblemlər, qara rəngli 20 düymlük təkər diskləri və səsboğucu sistemin çıxış boruları daxildir. Bundan başqa, avtomobillərin oturacaqları və sükanı zamşa ilə üzlənmiş, taxometr isə qırmızı rəngə boyanıbdır.

Porsche 718 Cayman GTS Almaniyada 76140 avrodan başlayan qiymətlərlə satılacaqdır. 718 Boxster GTS üçün isə, ən azı 78160 avro ödəniş tələb edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt