«Autograph» dərgisinin saytında Opel markasına aid olan bölməni açsanız, bizim jurnalistlərin Opel İnsignia modelinin ilk nəslinin və onun yenilənmiş variantının mətbuat nümayəndələri üçün təşkil edilən sınaqlarında iştirak etdiyinin şahidi olarsınız.

Avtomobil aləmini izləyənlər yaxşı bilir ki, keçən ilin sonlarında Opel yeni nəsil İnsignia modelini təqdim etmişdir. Əlbəttə, İnsignia Azərbaycanda populyar olmasa da, əsasən də Avropa ölkələrində uğurlu olmuşdur. 2009-cu ildə Avropada «İlin avtomobili» seçilmiş İnsignia modelinin ilk nəsli 900 minlik tirajla satılmışdır. Üstəlik, İnsignia Buick brendi altında Çin və ABŞ bazarında da təklif edilirdi. Xüsusilə vurğulamaq istərdim ki, Rumıniyada sınaqlarına qatıldığımız İnsignia modelinin yeni nəsli heç də restaylinq edilmiş əvvəlki model deyildir. 

Sirr deyildir ki, bir çox avtomobil istehsalçıları son zamanlar müəyyən modelləri ciddi şəkildə yeniləyərək yeni model kimi təqdim etmək şakərinə tutulublar. Opel İnsignia modelinə gəldikdə isə, qarşımızdakı model tamamilə yeni modeldir. 

Yeni İnsignia modelinin yığılması üçün E2XX  platformasından istifadə edilr. Yeni avtomobil sələfinə nisbətən 57 millimetr (4897 millimetr) uzun, 8 millimetr enli (1941 millimetr) olsa da, ondan 60 kiloqramm yüngüldur. Modifikasiyasından aslı olaraq bu fərq 175 kiloqrama qədər arta bilər.

Eyni zamanda avtomobilin təkər izi 11 millimetr böyüyüb, tavanı 24 millimetr (1455 millimetr) alçalıb. Yeni Opel İnsignia 92 millimetr (2829 millimetr) genişləndirilmiş təkər bazasına malik olubdur.

Avtomobilin qabaritlərinin və təkər bazasının artması iç məkanda da əksini tapıb. Belə ki, arxa sərnişinlərin ayaq zonasındakı məkan 32 millimetr, çiyinlər zonasında 25 millimetr, baş üzərində isə 8 millimetr artıbdır. 

Yeni nəsil İnsignia modeli təkmilləşdirilmiş FlexRide adaptiv şassi sistemi ilə də təchiz edilir. Adaptiv şassi sistemi üç rejimə malikdir: Standart, Sport və Tour.  Bu rejimlər amortizatorların, sükan mexanizminin, səkkiz pilləli avtomatik sürət qutusunun, stabilizasiya sisteminin və akkselerator pedalının həssaslığını dəyişir. Bundan başqa, bu sistemə özünətəhsil elementləri də əlavə edilib ki, elektronika sürücünün davranışlarını təhlil edərək, onun sürüş üslubuna uyğunlaşa bilir və fərdi tənzimləmələri Sport rejimində yadda saxlayır. 

Eyni zamanda, İnsignia yeni tam çəkiş sistemini əldə edib. Yeni sistemdə Opel mühəndisləri arxa oxda quraşdırılan və elektronika tərəfindən idarə olunan ənənəvi mufta və differensiallardan imtina ediblər. Onların əvəzinə, hər bir təkər üçün ayrıca nəzərdə tutulmuş  ikili mufalara əsaslanan Twinster AWD sistemindən istifadə edilir. Alman mütəxəssisləri bu sistemin «hər bir təkərə göndərilən fırlanma anını dəqiq bölüşdürdüyünü» iddia edirlər. Bundan başqa, yeni sistem ənənəvi tam çəkiş sistemindən hiss olunacaq dərəcədə yüngüldür.

Yeni Opel İnsignia Grand Sport modelində dartma qüvvəsinin bölüşdürülməsinə və onun vektorunun idarə edilməsinə elektronika cavabdehdir. Lakin, burada da alman markasının mühəndisləri gözlənildiyindən daha çox yeniliklər ediblər: tam çəkiş sisteminin «elektron beyni» nəinki təkərlərin altında olan yol səhtinin vəziyyətini və hər bir təkərin yerində fırlanmasını müəyyən edir, o həmçinin dönmə bucağını və drossel çəpərinin də vəziyyətini hesaba alır.Bundan başqa, sistem daima əldə edilən məlumatları təhlil edir.

Misal üçün, sistem virajı qət edən zaman xarici arxa təkərdə dartma qüvvəsini səliqəli şəkildə artırır, və yaxud, daxili təkərdəki dartma qüvvəsini azaldır. Yeni Opel İnsignia modelinin mühərrik qammasına 1,5 və 2,0-litrlik benzin mühərrikləri, həmçinin 1,6 və 2,0-litrlik dizel mühərrikləri daxil edilmişdir. Benzin mühərriklərinin siyahısını 140 at qüvvəli 1,5-litrlik mühərrik açır. Eyni zamanda, bu mühərrikin 165 at qüvvəli variantı da mövcuddur.

Nəhayət, ən güclü benzin mühərriki 260 at qüvvəsi hasil edir ki, bu mühərrik standart olaraq səkkiz pilləli avtomatik qutu və tam çəkiş sistemi ilə tandemdə çalışır. Dizel aqreqatları 110 və 136 at qüvvəli 1,6-litrlik mühərriklə, həmçinin 170 at qüvvəli 2,0-litrlik turbodizel və top variant olan 210 at qüvvəli 2,0 biTurbo dizel mühərriki ilə təmsil ediliblər.

Rumıniyada təşkil edilmiş testlərə Opel şirkəti ancaq Grand Sport modelini gətirmişdi. Bildiyimiz kimi, hetçbek kuzovu ilə yanaşı İnsignia həm də Sports Tourer adlanan universal kuzovlu modfikasiyaya da sahibdir. Bundan başqa, yüksək keçimli Country Tourer modelinin də istehsalı nəzərdə tutulmuşdur.

Həqiqətən də, Opel dizaynerləri çox gözəl eksteryerə malik olan bir avtomobil yaratmağa müvəffəq olublar. Xüsusiən də OPC line dəsti ilə təchiz edilmiş qırmızı rəngli İnsignia rumıniyalıların diqqət mərkəzində idi. Avtomobil kupelərə xas olan dinamik görünüşə malikdir. İnanmıram ki, İnsignia modelinə «çirkindir» deyən insan tapılsın. Yeni avtomobilin iç məkanı ciddi dəyişikliklərə məruz qalıb. İnteryer tamamilə yenilənib və bir çoxlarının şikayət və rişxənd obyektinə çevrilən düymələr yığınından əsər-əlamət belə qalmayıb. Artıq sistemlərin funksiyalarının əksər hissəsini multimedia sisteminin sensorlu ekranı vasitəsi ilə həyata keçirmək olar. 

Bundan əlavə, əvvəllər iradımızı bildirdiyimiz iri sükan çarxı da tarixə çevrilib. Onu cəlbedici dizayna malik olan sükan çarxı əvəzləyib. Əlbəttə ki, Opel nümayəndələrinin qürur mənbəyi olan AGR oturacaqlarını da qeyd etməmək olmaz. Artıq bu oturacaqlar havalandırma funksiyası ilə yanaşı masaj funksyasına da sahib olmuşdurlar. Eyni zamanda, İnsignia müasir ənənələrə uyğun olaraq zəngin təchizata malik olub. Əgər yeni avtomobilin avadanlıq siyahısına daxil olan sistemləri saymağa başlasam daha bir neçə səhifə yazmalı olacağam.

Buna görə də, testlər zamanı sınaqdan keçirdiyim üç sistem barədə danışmaq istəyirəm. Bunlardan birincisi avtomobili hərəkət zolağında saxlamağa yardım edən sistemdir ki, əgər təsadüfən diqqətiniz yayınarsa və avtomobil zolaqdan çıxmağa başlayarsa, sükan sistemi avtomatik olaraq onu hərəkət zolağına qaytarır.

Digər maraqlı sistem öndən toqquşma təhlükəsini xəbərdarlıq edən sistemdir. Bu sistemin işini dəfələrlə sınaqdan çıxarmaq imkanım oldu. Həqiqətən də çox effektiv bir sistemdir. İlan kimi qıvrılan yolların birində qarşıdan gədən avtomobilə sürətlə yaxınlaşdım. İlkin olaraq sistem proyeksiya displeyindəki qırmızı piktoqramla məni xəbərdar etdi. Daha təhlükəli yaxınlaşmada bu xəbərdarlığa səs signalı da əlavə olundu. Nəhayət istem mənim reaksiya vermədiyimi görərək avtomobili yavaşlatdı. 

Şəhərdə isə, 40 km/saat sürətində sistem avtomobili ümumiyyətlə dayandırdı. Hesab edirəm ki, bu sistem bir çox hallarda sürücünün imdadına çatacaqdır. 

Nəhayət üçüncü yenilik Opel mütəxəssislərinin ən çox təriflədikləri matrisa tilpi İntelliLux LED ön fənərləri idi. Adətən avtomobil istehsalçıları gecə testlərinə o qədər də üstünlük vermirlər. Lakin, İnsignia modelinin ilk nəslinin testləri zamanı, gecə vaxtı yeni adaptiv fənərlərin iş sistemi ilə tanış olmaq üçün imkan da yaradılmışdı. O zaman bu mütərəqqi sistemin bir sıra çatışmamazlıqları məhz gecə testləri zamanı üzə çıxmışdı.

Bu dəfə də bizə İnelliLux LED sistemini sınamaq üçün gecə testləri təklif edildi. Qeyd etmək lazımdır ki, yeni fənərlər həqiqətən də adındakı «intellekt» sözünü doğruldurlar. Şəraitdən asılı olaraq fənərlər tam işıqlandırmanı təmin edirdilər, həm də öndə gedən və qarşıdan gələn avtomobillərin sürücülərinə mane olmadan. 

Opel şirkətinin marketoloqları Rumıniyaya həm dizel, həm də benzin mühərrikləri ilə təchiz edilmiş modelləri gətirmişdirlər. İlkin olaraq mənim ixtiyarıma verilmiş avtomobil 1,6-litrlik dizel mühərriki və 6 pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmişdi. Güman edirəm ki, bu modifikasiyanın azərbaycanlı alıcıları ümumiyyətlə maraqlandırmadığını söyləmək yersizdir. Ona görə də, bu modifikasiya haqqında danışmayacağam.

Açığı məni təəccübləndirən 1,5-litrlik turbomühərriklə təchiz edilmiş avtomobil oldu. Mexaniki qutu ilə tandemdə çalışan mühərriki zəif adlandırmağa insanın dili belə gəlmir.

165 at qüvvəsinə malik olan mühərrik İnsignia modelini 8,9 saniyəyə 100 km/saat həddinə qədər sürətləndirir və 222 km/saat maksimal sürətlə təmin edir. 

Məncə heç də pis göstərici deyil. Doğrudur, sərnişinlərsiz və kondisioner qoşulmadan avtomobil yaxşı təsir bağışlasa da, tam yüklü halda dinamika bir qədər başqa olacaqdır. İstənilən halda, sərfəli qiyməti  və qənaətcillik baxımından bu modifikasiya öz pərəstişkarlarını mütləq tapacaqdır.

Testlərin son günü mən İnsignia modelinin top-variantı olan 260 at qüvvəli 2,0-litrlik turbomühərrik, yeni səkkiz pilləli «avtomat» və adaptiv tam çəkiş sistemi ilə təchiz edilmiş modeli sınamaq şansım oldu. Cəlbedici qırmızı rəngə və OPC line aerodinamik kuzov dəstinə malik olan avtomobil ətrafdakı insanlara emosiyalar bəxş etməyi bacarmışdı. Bu modelin görkəmindəki aqressivlik onun xarakterinə də siraət edib. Yeni səkkiz pilləli «avtomat» güclü mühərriklə birlikdə rəvan, lakin güclü sürətlənməni təmin edir. Ağıllı tam çəkiş sistemi mühərrikin hasil etdiyi 400 Nm fırlanma anını təkərlər arasında effektiv şəkildə bölərək bu sürətlənmənin rəvanlığına zəmin yaradır.

Opel modellərinin dillər əzbəri olmuş asqı sisteminə gəldikdə isə, ilk nəsil İnsigna modelinin testini oxusanız avtomobilin asqısına qarşı ciddi iradlarımızın olduğunu görərsiniz. Hətta o vaxt, şirkətin mühəndisləri ilə görüş zamanı bu iradlarımız onlara da söyləmişdik. Bu gün, mühəndislərin iradlarımızın mövzusu olan problemləri aradan qaldırdığını əminliklə söyləmək olar.

Elə götürək 1,5-litrlik mühərriklə təchiz edilmiş avtomobilin standart asqı sistemini - mən deyərdim ki, asqının tənzimləmələri sərnişinləri tam rahatlıqla təmin edir. Üstəlik də asqı həm səssizliyi, həm də yaxşı səviyyədə idarələnmə xüsusiyyətləri ilə seçilir. Əksər alıcıların standart asqını seçdiyi məlumdur. Bu səbəbdən də Opel mütəxəssisləri asqı sisteminin hazırlanmasına çox diqqətlə yanaşıblar və idarəetmə ilə rahatlıq arasında balansı təmin ediblər. Akustik komfortda ki, öz yerində.

Adaptiv asqıya gəldikdə isə, FlexRide sistemi avtomobilin xarakteristikalarını ciddi şəkildə dəyişmək imkanına malikdir. Əlbəttə, serpantinlərdə Sport rejimini aktivləşdirərək idarəetmədən ləzzət almaq olar. Avtobanlarda isə, mən daha çox Standart rejiminə üstünlük verərdim. Şəhərdə isə Tour rejimindən istifadə etmək daha məqsədəuyğundur. Doğrusu belə sistemlər «bir aylıq oyuncaq»dan  başqa bir şey deyillər - avtomobil sahibləri bir ay müddətində bu sistemlə «oynayaraq» doyduqdan sonra, ondan nadir hallarda istifadə edirlər. 

İndi isə gələk ən başlıca məsələyə - qiymət məsələsinə. Opel şirkətindən verilən məlumata əsasən 140 at qüvvəli 1,5-litrlik mühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş standart İnsignia modeli 18649 avroya (34118 manat) satılacaqdır. Avtomobilin top variantı olan 210 at qüvvəli dizel mühərriki və səkkiz pilləli avtomatik qutusu təchiz edilən İnsignia İnnovation modifikasiyası isə 31094 avroya (56886 manat) təklif ediləcəkdir. İnsignia modeli bizim bazarda üç təchizat səviyyəsində mövcud olacaqdır: Edition, Dynamic və İnnovation. 

Bəs rəqiblərdə vəziyyət necədir? Volkswagen Passat modelinin yeni nəsli iki təchizat səviyyəsində (Comfortline və Highline) təklif edilir. 180 at qüvvəli 1,8-litrlik mühərriklə təchiz edilmiş sedanları 60900 və 71900 manata əldə etmək olar.

Toyota Camry isə dörd təchizat səviyyəsində (Comfort, Elegance, Elegance+ və Prestige) təklif edilir. Yapon sedanı 180 at qüvvəli 2,5-litrlik dörd silindrli, və 249 at qüvvəli 3,5-litrlik altı silindrli mühərriklər ilə təchiz edilir. Toyota Camry təchizatından asılı olaraq 49200, 58500, 63400 və 73800 manata satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt