Le Man yarışları üçün avtomobillərin hazırlanması üzrə ixtisaslaşmış Radical şirkəti Qudvudda keçirilən Sürət festivalında Rapture «mülki» avtomoibilini təqdim edib. Yeni avtomobil bütün testlərdən keçərək, ümumi istifadə yollarına çıxmaq üçün icazəni alıb.

Radical Rapture superkarının kompozit materiallardan hazırlanmış kuzovu yüngülləşdirilmiş şassidə quraşdırılıb. Bu tandem sayəsində, superkar minik avtomobilləri üçün təsiredici yerəbasma gücünə malikdir. Bundan başqa, mühəndislər avtomobili iki səviyyəli spoyler və diffuzorla təchiz ediblər.

Avtomobil Ford istehsalı olan 2,0-litrlik dörd silindrli EcoBoost mühərriki ilə hərəkəıtə gəlir. Radical Performance Engines bölməsinin mühəndisləri, Ford superkarları üçün nəzərdə tutulan mühərriki başqa turbokompressor və giriş klapanlarının işləmə sistemi ilə təchiz ediblər. Bu təkmilləşdirmələrdən sonra, mühərrikin gücü 350 at qüvvəsinə qədər artıb. Güc aqreqatı sükanaltı dəstəkləri olan altı pilləli ötürmələr qutusu ilə təchiz edilir. Rapture superkarı 100 km/saat həddinə üç saniyəyə sürətlənir. Onun maksimal sürəti 265 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin asqısı həm ümumi yollarda, həm də trekdə istifadə üçün hazırlanıb. Kokpitdə çoxnöqtəli kəmərləri olan iki yarış kreslosu, minimalistik cihazlar paneli və multifiksional sükan çarxı quraşdırılıb. Avtomobilin innovasion olmasına baxmayaraq, istehsalçı güzgülərin tənzimlənməsi üçün köhnə Ford düyməsini quraşdırıb.

İstehsalçı yeni avtomobilin qiyməti barədə açıqlama verməyib. Avtomobillərin Fransa və Almaniyadan olan sifarişçilərə çatdırılmasına  avqust ayında başlanacaqdır. Avtomobilin sahibi eyni zamanda, sportkarın potensialından tam istifadə etməyi öyrədən fərdi təlim kursunu keçmək şansını da əldə etmiş olur.