Bu gün internet şəbəkəsində Renault Megane RS xarici görkəmini tam əks etdirən cəsus fotoşəkilləri yayılıb. Təsvirlər facebook sosial şəbəkəsindəki Virtuel-car adlı səhifədə dərc edib.

Bir müddət bundan əvvəl modelin patent təsvirləri də internetdə yayılmışdı. Həmin təsvirlərdən göründüyü kimi, bu payızda Frankfurt avtosalonunda debüt edəcək “qaynar” hetçbek tamamilə yenilənmiş ön hissəsi ilə seçiləcəkdir. “Qaynar” model adi hetçbekdən radiator barmaqlığı, bamper və əlavə hava girişləri olan qanadlarla fərqlənəcəkdir. 

Bundan başqa, “qaynar” hetçbek yeni təkər disklərinə, güclü əyləc mexanizmlərinə və mərkəzdə yerləşdirilmiş rombşəkilli buraxılış borusu olan arxa bamperə sahiblənəcəkdir. Bir müddət bundan öncə, internet şəbəkəsinzə Renault Megane RS modelinin interyerinin şəkli dərc edilmişdi. Təsvirlərdən modelin yeni sükan çarxı, idman oturacaqları və karbondan işləmələrlə təchiz ediləcəyi aydın görünürdü. Bununla bərabər, oturacaqlarda, sükan çarxında və ötürmələr qutusunun dəstəyində seçilən tikişlərin mövcudluğu da müşahidə olunurdu.

Model haqqında rəsmi məlumatın olmamasına baxmayaraq, “qaynar” hetçbekin tam idarələnən şassiyə, iki növ asqıya və iki muftalı robotlaşdırılmış ötürmələr qutusuna malik olacağı bilinir.