Amerikanın Consumer Reports nəşri sahiblərinin aldıqlarına peşman olduğu və bir daha belə modeli almayacaqlarını bildirdikləri avtomobillərin reytinqini tərtib edib. Sorğuda iki ildən artıqdır ki, avtomobillərini istismar edən minlərlə sürücü iştirak ediblər. Onlar avtomobil sahibi olarkən üzləşdikləri problemləri də qeyd ediblər. Nəticədə ən məyusedici avtomobil Volkswagen Atlas Cross Sport krossoveri olub.

Reytinqdə onuncu və doqquzuncu yerləri Kia Forte və Nissan Altima modelləri tutublar: onların sahiblərinin yalnız 51 faizi avtomobillərdən razı qalıb və onları yenidən alacaqlarını bilidiblər. Digər Nissan modeli, Kicks hetçbeki səkkizinci yerdə qərarlaşıb. Bu modelə sahib olanların 49 faizi ondan razı qalıblar. Yeddinci yeri Volkswagen Taos, altıncı yeri isə Kia Seltos modeli tutub. Respondentlərin 48 faizi hər iki avtomobili müsbət qiymətləndiriblər.

Jeep Compass antireytinqin ilk beşliyini açan avtomobil olub – bu modelə sahib olanların 46 faizi ondan razıdır. Amerikan krossoverini Mercedes-Benz GLA (45 faiz), Infiniti QX50 (40 faiz) və Mercedes-Benz GLB (39 faiz) modelləri təqib ediblər. Nəhayət, antireytinqin lideri Volkswagen Atlas Cross Sport modeli olub. Onun sahiblərinin yalnız 38 faizi bu krossoveri yenidən alacaqlarını bildiriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.