Məşhur Williams Racing komandasının yaradıcısı və sabiq rəhbəri ser Frenk Vilyams 79 yaşında vəfat edib. Belə bəyanatla Williams komandası çıxış edib: “Bu gün biz çox sevdiyimiz və bizi hər zaman ilhamlandıran şəxsin xatirəsini yad edirik. Biz Frenk üçün çox darıxcağıq. Biz bütün dostları və həmkarları ailənin arzularına hörmətlə yanaşmağı və belə ağır zamanda onların özəl həyata olan hüquqlarını pozmamağa çağırırıq”.

Frenk Vilyams avtoidmandakı karyerasına pilot və mexanik kimi başlayıb və 1966-cı ildə əvvəlcə Formula 2, sonra isə Formula 1 çempionatında iştirak edən Frank Willams Racing Cars komandasını təsis edib. 1977-ci ildə Vilyams maliyyə çətinlikləri ucbatından komandanı satmağa məcbur olub və həmin ildə yeni WilliamsF1 komandası təsis edilib. 1980-1990-cı illərdə bu komanda  Formula 1 çempionatında ən güclü komandalardan biri olub.

1986-cı ildə qəzaya düşən Frenk Vilyams iflic olunmuş vəziyyətə düşüb. O, Britaniya imperiyasının ordeni ilə təltif edilib, 1999-cu ildə isə ona ser tutulu verilib.

WilliamsF1 komandası Formula 1 çempionatında doqquz dəfə Konstruktorlar kubokunun sahibi olub, yeddi dəfə isə pilotlar çempionatında qalib gəlib və 114 Qran Pridə qələbə əldə edib. Müxtəlif illərdə Frenk Vilyamsın komandasında Naycel Mənsell, Ayrton Senna, Alen Prost, Deymon Hill və Jak Vilnyov çıxış ediblər.

2020-ci ilin sentyabrında Frenk Vilyams komandasını Amerikandan olan sərmayədarlara satıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.