Bu gün Skoda şirkəti mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda debüt edəcək Kamiq krossoverinin eskizlərini dərc edib. Xatırladaq ki, yeni krossover Avropa bazarı üçün nəzərdə tutulub və Çində satılan adaşından fərqlənəcəkdir.

Eskizlər bu fikrimizin düzgün olduğunu bir daha sübut edir. Məsələn, elə Karoq və Kodiaq modellərinin üslubunda hazırlanmış ön hissənin dizaynını götürək. Qeyd etmək gərəkdir ki, Skoda Kamiq modelinin işıq texnikasının quruluşu adı çəkillən modellərdə olduğundan kəskin fərqlənir - işıqdiodlarından olan gündüz hərəkət işıqları Hyundai Kona modelində olduğu kimi əsas fənərlərin üzərində yerləşdirilib. Nə təsadüfdür ki, Kamiq modelinin əsas rəqibi elə Kona olacaqdır.

Avtomobillər aləmində məlum bir fakt vardır – eksizlərdə avtomobil olduğundan daha cəlbedici görünür. Bunu Skoda Kamiq modelinin eskizləri barədə də söyləmək olar. İri təkər diskləri, dəstəksiz qapılar və böyüdülmüş cizgilər Kamiq modelini daha gözəgəlimli edir. Çex istehsalçısı yeni krossoveri “şəhər ofrouderi” adlandırsa da, bu modelin sahibinin asfaltı tərk edəcəyinə inanmırıq. Hətta, Skoda şirkətinin mətbuat xidmətinin yaydığı mətbuat açıqlamasındakı ön gümüşü spoyler buna sövq edə blməz. Çox güman ki, səbəblərdən biri də təklif edilən öndən çəkişli ötürmədir.