Deyəsən Şkoda şirkəti Yeti adından imtina etmək niyyətindədir. Bizi bu nəticəyə gəlməyə bu gün çex istehsalçısının dərc etdiyi tizer olmuşdur. Tizerdə Yeti modelini əvəz edəcək Karoq krossoverinin bir parçası təsvir edilmişdir.

Yeni krossoverin adı, Alyaskada yaşayan Alutiiq qəbiləsinin dilindən götürülmüş “KAA’RAQ” (“avtomobil”) və “RUQ” (“ox”) sözlərinin vəhdətindən yaranmışdır.  Bildiyimiz kimi, bu qəbilə Alyaskadakı Kodiaq arxipelaqında yaşayır.

Şkoda nümayəndələri artıq çex istehsalçısının krossoverlərinin adının “K” hərfi ilə başlayıb “q” hərfi ilə bitəcəyini bildirmişdirlər. Tizerdən də göründüyü kimi, yeni krossover Kodiaq modelinin dizayn üslubunda olan dizayna sahib olacaqdır. Şkoda Karoq modelinin qabarit uzunluğu 4382 millimetr, eni – 1841 millimetr, hündürlüyü isə 1605 millimetr olacaqdır.

Avtomobilin təkər bazasının uzunluğu öndən çəkişli variant üçün 2638 millimetr, tam çəkişli versiya üçün isə 2630 millimetr olacaqdır. Krossoverin baqaj bölümünün həcmi 521 litr təşkil edəcəkdir. Arxa oturacaqların qatlanması halında bu rəqəm 1630 litrə qədər artırıla bilər. Arxa oturacaqların tam çıxarılması halında bu rəqəm 1810 litr olacaqdır.

Bundan başqa, şifarişlə VarioFlex sistemini əldə etmək mümkündür ki, bu sistem də baqaj həcmini 479 – 588 litr arasında tənzimləməyə imkan verir.

Yeni krossover Volkswagen Tiguan və Seat Ateca krossoverlərinin istehsalında istifadə edilən MQB modul platformasında yığılmışdır. Karoq modelinin mühərrik çeşidinə 115 – 190 at qüvvəsi diapazonunda dəyişən gücə malik olan iki benzin və üç dizel aqreqatı ilə təklif ediləcəkdir.

Şkoda Karoq həmçinin silindrlərin deaktivasiya sistemi ilə təchiz edilmiş  1.5-litrlik TSI mühərriki ilə də təchiz ediləcəkdir. Avtomobilin top variantı 190 at qüvvəli dizel mühərriki, 7-pilləli DSG qutusu və tam çəkiş sistemi ilə təklif olunacaqdır.