Bu ilin əvvəlində təqdim olunmuş Sony Vision-S elektrokarı Avstriyanın Magna Steyr mühəndislik firması ilə birlikdə hazırlanıb. Xəbərlərimizi izləyənlər, Sony şirkətinin avtomobil istiqamətini inkişaf etdirmək fikrində olmadığı barədə verdiyi bəyanatı xatırlamalıdırlar.

Yapon nəhəngi özü üçün yeni olan bir bazara çıxmaqdan imtina etməklə yanaşı,  konsept avtomobilinin yalnız şirkətin perspektivli texnologiyalarını nümayiş etdirmək üçün yaradıldığını da bildirib. Bununla belə, təqdimatdan bir neçə həftə sonra, Vision-S sınaqlar üçün Avstriyaya göndərilmişdi. Bu günlərdə isə, elektromobil sınaqları davam etdirmək üçün Tokyoya gətirilib.

Bu dəfə mühəndislər sensorlar kompleksi və səs sistemi üzərində işləyəcəklər və aparılmış işlərin nəticəsini yoxlamaq üçün, prototip Yaponiyanın ictimai yollarına çıxacaqdır. Konsept statusuna baxmayaraq, sedan ümumi gücü 544 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz olunmuşdur.

Bunun sayəsində 100 km/saat həddinə sürətlənmək üçün cəmi 4,8 saniyə sərf edir. Maksimum sürət 240 km/saat həddində məhdudlaşdırılıb. Bir sözlə, prototip şəhərdəki hərəkət axınında müstəqil hərəkət etməyə qadirdir.

Bu xəbərin fonunda yapon şirkətinin əvvəlki açıqlamaları o qədər də inandırıcı görünmür. Sony elektromobilinin Magna Steyr zavodunda istehsal edilməsi ehtimalı da mövcuddur. Xatırladaq ki, Magna Steyr müxtəlif markaların avtomobillərinin istehsalını həyata keçirir.

Bununla birlikdə, Sony hələ də bir seriya elektromobilinin debüt edəcəyi barədə heç bir məlumat verməyib.