Bu günlərdə ictimai istifadə yollarında yeni nəsil Subaru Levorg modelinin iki seriya variantı görülüb. Ən maraqlıs isə, avtomobillərin kamuflyajla örtülməməsidir. Diribaş casuslar da fürsəti fövtə verməyərək, yeni modelin şəkillərini çəkməyə müvəffəq oldular.

Subaru Impreza modelinin platformasında inşa edilən yeni nəsil Levorg universalı bu ilin yanvar ayında Tokyoda göstərilib, lakin o zaman avtomobil prototip statusunda idi. Yeni Subaru Levorg yapon markasının elektronika ilə tənzimlənən sərtlik səviyyəsinə malik olan amortizatorlar və hərəkət rejimlərini seçməyə imkan verən Drive Mode Select sistemi ilə təchiz edilmiş ilk avtomobilidir. Seçilmiş rejimdən asılı olaraq mühərrikin, asqının, elektrik sükan gücləndiricisinin və tam ötürmə sisteminin tənzimləmələri dəyişir.

Image alt Image alt

Model Subaru Global Platform modul platformasına əsaslanır və 1,8-litrlik oppozit turbomühərriki ilə hərəkətə gəlir. Güc qurğusunun hasilatı rəsmi olaraq açıqlanmayıb, ancaq baza mühərrikinin təxminən 200 at qüvvəsinə sahib olacağı gözlənilir. STI versiyasının 300 at qüvvəli 2,4-litrlik aqreqatı alacaqdır.

Creative311.com saytının yayımladığı şəkillərdə yeni modelin xarici görkəmini nəzərdən keçirmək olar. Seriya avtomobilinin eksteryeri elə də böyük dəyişikliklərə məruz qalmayıb - demək olar ki, yanvar ayında nümayiş etdirilmiş prototipi ilə eynidir. Kapotdakı hava girişinin olması, şəkillərdəki avtomobillərin güclü versiyada olmasına dəlalət edir.