Tesla şirkətinin 2019-cu ilin birinci rübündəki zərəri 702 milyon dollar təşkil edib. Bu, yüklənmiş avtomobillərin sayının azalması, ABŞ-da elektrokarlara verilən subsidiyanın azalması, Kanadada isə tamamilə ləğv edilməsi və qiymətlərin dəyişməsi ilə əlaqədardır.

Cari ilin birinci rübündə tesla 63 min elektrokarı müştərilərə çatdırıb ki, bunlardan 50,9 min ədədi Model 3, 12,1 min ədədi isə Model S və X-dir. Şirkətin ümumi hasilatı 4,5 milyard dollar təşkil edib. Keçən ilin dördüncü rübündə bu rəqəm 7,2 milyard dollar olub. Keçən ilin sonunda Tesla 139 milyon dollar mənfəət göstərsə də, illik zərər bir milyard dollar olub. 

Maliyyə vəziyyətinin pisləşməsinə baxmayaraq, Tesla bu il alıcılara 360-400 min avtomobil yekləməyi planlaşdırır. Üstəlik, birinci rübün göstəricisi keçən ilin müvafiq dövründən 31% azdır. Bir müddət bundan öncə Tesla avtopilot üçün hazırladığı çipi nümayiş etdirmişdi. Tesla mütəxəssisləri tərəfindən hazırlanmış çipin istehsalı ilə Samsung şirkəti məşğul olur. Çip özünün kriptomüdafiə sisteminə malikdir. Onun məhsuldarlığı əvvəl Nvidia tərəfindən çatdırılan çipdən 21 dəfə yüksəkdir.