Tesla şirkətinin kapitallaşması 190 milyard dollara çatıb ki, bu onu dünyanın ən bahalı avtomobil şirkətinə çevirib. Bloomberg agentliyinin bildirdiyinə görə, ikinci yeri tutan Toyota konserinin kapitallaşması 182 milyard dollar, Volkswagen konserninin isə 75 milyard dollardır.

Honda şirkəti  48 milyard dollar göstəricisi ilə dördüncü, Daimler AG konserni isə 41 milyard dollar ilə beşincidir. Tesla şirkətinə gəlincə, 10 iyun 2020-ci il tarixində  şirkətin satışa çıxarılmış səhmlərinin qiyməti ilk dəfə olaraq 1000 ABŞ dolları həddini aşıb və rekord həddə - 1025 dollara çatıb. Qeyd etmək gərəkdir ki, ilin əvvəlində şirkətinin səhmlərini 420 dollara almaq mümkün idi. Beləliklə, yarım il ərzində Tesla səhmdarları kapitallarını təxminən 2,5 dəfə artırıblar.

Agentliyin keçirdiyi sorğuda iştirak edən ekspertlər Tesla şirkətinin bahalaşmasını, Çində elektromobillərə olan tələbatın artması ilə əlaqələndirirlər. Markanın Şanxaydakı fabrikinin açılması da  bu məsələyə öz təsirini göstərib. Fabrik 2020-ci ilin sonuna qədər təxminən 100 min avtomobil istehsal edə biləcəkdir.

Mayın əvvəlində Tesla şirkətinin rəhbəri İlon Maskın yeni Roadster modelinin satışını qeyri-müəyyən müddətə təxirə saldığı məlum oldu. Müsahibədə Musk, rodsterin vacib model olmadığını izah edərək, bütün səylərin Model Y krossoverinin istehsalının artırılmasına və Berlin yaxınlığındakı  zavodun inşasına yönəldildiyini bildirib.