Tesla Model S elektrokarı ilk dəfə olaraq 26 iyun tarixində keçiriləcək «Payks Pik» yarışlarında iştirak edəcəkdir. Bu barədə məlumatı Carscoops internet-nəşri yaymışdır. Elektrokar Electric Production (seriya elektrokarları) kateqoriyasında yarışacaqdır. Avtomobilin sükanı arxasında kiçik ölçülü batareyaların istehsalçısı olan Go Pack firmasının yaradıcısı və rəhbəri Bleyk Fuller çıxış edəcəkdir. Fullerin qarşısına qoyduğu məqsəd 19,99 kilometrlik trassanı 13 dəqiqədən az bir müddətə qət etməkdir.

Bu məqsədlə elektrokar zavodda quraşdırılan batareyalardan 80 faiz yüngül olan xüsusi batareyalar dəsti ilə təchiz ediləcəkdir. «Payks Pik» yarışlarında Tesla Model S elektrokarının hansı modifikasiyasının iştirak edəcəyi dəqiqləşdirilməmişdir.

Avtomobilin top-variantı olan P90D modifikasiyası ön və arxa oxlarda yerləşdirilmiş və müvafiq olaraq 503 və 259 at qüvvəsi gücü olan iki elektromotorla hərəkətə gəlir.  Elektrokar yerindən 96 km/saat həddinə kimi 2,8 saniyəyə sürətlənmək imkanına malikdir.

Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. 2015-ci ildə tam elektrik ötürməsi ilə təchiz edilmiş avtomobil «Payks Pik» yarışlarının qalibi olmuşdur. Ən yaxşı nəticəni  (9 dəqiqə 7,22 saniyə) eO PP03 sportprototipinin sürücüsü Yeni Zelandiyadan olan pilot Ris Millen göstərmişdir.  

İkinci yeri, həmçinin elektrokarda çıxış edən Nobuhiro Tacima (9 dəqiqə 32.401 saniyə) tutmuşdur.