Bu gün Tesla şirkəti Model 3 sedanının bazasında yaradılmış Model Y krossoverini təqdim edib. Elektrik krossoverinin satışlarına 2020-ci ilin payızında başlanacaqdır. Tesla Model Y krossoverinin əlçatan modifikasiyası 39 min dollara satılacaq, arxa çəkişə və 370 kilometrlik yürüş məsafəsinə malik olacaqdır.

Tesla Model Y krossoveri bazasında inşa edildiyi sedandan Model X elektrokarının üslubunda kuzovu ilə fərqlənir. Böyük modeldən fərqli olaraq, yeni krossover “şahin qanadları” firma qapılarından məhrum edilib. Baqaj qapağı yuxarı açılır, klirens artırılıb və üçüncü oturacaq cərgəsi (opsional) əlavə edilib. Model 3 sedanından irsən keçmiş iri deformasiya zonaları olan güc strukturu sayəsində, yüksək passiv təhlükəsizliyin olduğuna zəmanət verilir.

Yeni krossoverin baza modifikasiyaları 2021-ci ilin yazında satışa çıxarılacaqdırlar. İlkin olaraq, Tesla Long Range və ikimühərrikli AWD modifikasiyalarını təklif edəcəkdir. Model Y LR modeli 483 kilometr yürüş edəcək, 60 mil/saat həddinə 5,5 saniyəyə sürətlənəcək və 209 km/saat maksimal sürətə malik olacaqdır. Model Y AWD krossoverində bu göstəricilər müvafiq olaraq 451 kilometr, 4,9 saniyə və 217 km/saat olacaqdır.

Performance indeksinə sahib olacaq versiyalar elektromotorların artırılmış gücünə və yaxşılaşdırılmış dinamikaya malik olacaqdırlar. Model Y Performance 60 mil/saat həddinə 3,5 saniyəyə sürətlənəcək və 241 km/saatlıq maksimal sürət həddinə sahib olacaqdır.

Krossoverin standart təchizatına panoram tavan və 15 düymlük displey daxildir. Opsional olaraq, 12 vericisi və 360 dərəcəlik müşahidə sistemi olan Autopilot adaptiv kruiz-kontrolunu sifariş etmək olar.