Toyota şirkətinin Avropa ofisi əsrarəngiz bir modelin, daha doğrusu, X Prologue adlı konseptin eskizini yayımlayıb. İstehsalçı avtomobil haqqında heç bir əlavə məlumat verməsə də, onun yığcam elektrik krossoveri olacağı ehtimallar arasındadır.

Əslində avtomobil haqqında hər hansı bir məlumatın olmaması çoxsaylı fərziyyələrin yaranmasına gətirib çıxarır, lakin mövcud olan məlumatlara əsaslanaraq bəzi ehtimalları irəli sürmək mümkündür. Birinci, məlumatın verilməsi üslubudur. Toyota tizeri “X Prologue – “a small” preview of what’s next” cümləsi ilə müşayiət edir ki, burada small (kiçik) kəlməsi xüsusilə vurğulanır. Bu, modelin yığcam ölçülərinə işarə ola bilər. İkincisi, konsept X Prologue adlanır. Məlum olduğu kimi, istehsalçıların əksəriyyəti öz krossoverlərini X hərfi ilə işarələməyə üstünlük verirlər.

Təsvirdə konseptin ön hissəsini görmək olar. Ön planda işıqlanan zolaqla birləşdirilmiş C-şəkilli gündüz hərəkət işıqları olan fənərlər, arxa planda isə radiator barmaqlığının yerində quraşdırılmış bağlı panel diqqəti çəkir. Bu da konseptin elektromobil olduğuna işarə edir. Keçən il Toyota şirkəti tərəfindən verilmiş bəyanatlardan da məlumdur ki, yapon istehsalçısı Subaru ilə birlikdə e-TNGA platformasına əsaslanan altı elektrokarı buraxmağı planlaşdırır. Bu avtomobillərin birincisi ölçülərinə görə RAV4 modelinə bənzər olan krossover, ikincisi isə daha yığcam avtomobil olmalıdır.

Toyota şirkətinin “yaşıl” modellər çeşidinə sedan və minivenlə yanaşı, üç krossover də daxil olacaqdır ki, onlardan biri Suzuki ilə birlikdə hazırlanacaqdır. Şirkət, 2025-ci ilə qədər, sərtgövdəli batareyaya sahib olan “kütləvi” elektromobili buraxacağını da vəd edib.