2012-ci ildən bəri istehsal olunan GT 86 modeli 200 minlik tirajla satılıb. Bu, spesifik alıcı kütləsinə malik olan sportkar üçün çox layiqli bir göstəricidir. Bu gün yapon istehsalçısı GT 86 modelinin varisi olan GR 86 sportkarını təqdim edib. Yeni sportkar Toyota Gazoo Racing bölməsi və Subaru şirkətinin birgə məhsuludur. Qeyd etmək gərəkdir ki, yeni sportkar ikinci nəsil BRZ kupesi ilə unifikasiya olunub. Sələfi ilə müqayisədə kupenin ölçüləri böyüyüb və avtomobil daha dinamik olub.

Zahiri cəhətdən Toyota GR 86 kupesini keçən payızda təqdim olunan Subaru BRZ modelindən ön və arxa bamperlərin tərtibatı, həmçinin emblemləri ilə seçilir. Sportkarların kuzov panelləri isə eynidir. İndeksini GR 86-ya dəyişən sportkar, BRZ modeli kimi, əvvəlki platformasını qoruyub saxlayıb.

Toyota kupesinin təkər bazası beş millimetr, uzunluğu isə 30 millimetr artıb. Kupenin hündürlüyü əksinə 10 millimetr azalıb. GR 86 modelinin klirensi 130 millimetr, təkər disklərinin ölçüsü 18 düymdür.

Sportkarın çəkisi 50 kiloqram artaraq, mexaniki tranmsissiya ilə təchiz edilən versiya üçün 1270 kiloqrama çatıb. Alüminium dam və qanadlar, habelə yüngül oturacaqlar olmasaydı, çəki artımı daha çox ola bilərdi.

Şirkətdən, hündürlüyün azaldılmasının və çəkinin düzgün paylanmasının sportkarı "son dərəcə aşağı" ağırlıq mərkəzi və daha yaxşı manevr qabiliyyəti ilə təmin etdiyini bildiriblər. Bundan əlavə, kuzovun burulmaya qarşı sərtliyi də əvvəlki modelə nisbətən təxminən 50% artırılıb.

İdman avtomobilinin salonunda yeddi düymlük virtual cihazlar paneli, habelə  Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sisteminin səkkiz düymlük ekranı peyda olub. Bundan başqa, Toyota GR 86 modeli Subaru BRZ kupesindən EyeSight təhlükəsizlik sistemləri dəstini də borc alıb. Bu dəst avtomatik transmissiya ilə təchiz edilən versiya üçün əlçatandır.

Texniki cəhətdən Toyota GR 86 və Subaru BRZ tamamilə unifikasiya ediliblər. GR 86 modeli 235 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən qarışıq püskürtməli 2,4-litrlik oppozit mühərrik ilə təchiz edilir. Əvvəlki modelin 2,0-litrlik mühərriki ilə müqayisədə, yeni aqreqat 35 at qüvvəsi və 45 Nm daha güclüdür.  Odur ki, yeni kupe ilk "yüzlüyə" 6,3 saniyəyə sürətlənir. Bu, əvvəlki modeldə olduğundan 1,1 saniyə yeyindir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc aqreqatı altı pilləli mexaniki və ya avtomatik transmissiya ilə tandemdə çalışır. Ötürmə - arxa oxadır. Ön asqıda hələ də McPherson dayaqlarından istifadə olunur, arxada isə cütlənmiş köndələn qollar qurasdırılıb.

Gazoo Racing bölməsinin GR Supra və GR Yaris modellərindən sonra üçüncü idman avtomobili olan Toyota GR 86 sportkarı bu ilin payızında Yaponiya bazarında satılmağa başlayacaqdır.  Sonradan idman kupesi Avropa və ABŞ bazarlarında  debüt edəcəkdir.