“Elektrikləşdirmə - gələcəkdir” cümləsi artıq heç kimi təəccübləndirmir. Dünyada “batareyalı” avtomobillərə olan tələbat isə günü-gündən artmağa davam edir. Belə gedərsə, dizel aqreqatlarının son günlərini yaşadıqlarını söyləmək olar. Artıq bir sıra avtomobil istehsalçıları belə güc aqreqatlarından imtina etmək niyyətlərinin olduğunu açıqlayıblar. Bəs istehsalçılar dizel mühərrikinə əsaslanan hibridləri yaratsalar necə?

Best Car Web nəşrinin əldə etdiyi məlumata əsasən, Toyota şirkəti artıq belə bir güc qurğusunun üzərində işləyir. Yaponlar 2030-cu ilə qədər hibrid avtomobillərin sayını kəskin surətdə artırmağı planlaşdırırlar və hazırlanan hibrid qurğuların arasında dizel-elektrik aqreqatları da olacaqdır. İnsayder məlumatına görə, belə qurğular ilə kommersiya nəqliyyatı və tam ötürməli ofrouderlər təchiz ediləcəkdirlər.

Əgər söylənənlər doğrudursa, dizel-elektrik güc qurğusu ilə təchiz edilmiş Tundra pikapı və Land Cruiser 300 modeli həm daha sərfəli olardılar, həm də məhsuldarlığa ziyan gətirmədən ekoloji normalara cavab verərdilər. Amma Toyota şirkətindən bu şayiələri nə təzkib, nə də təsdiq ediblər. Yaponlar hər zaman olduğu kimi susmağa üstünlük verirlər. Atalar demişkən – danışmaq gümüşdürsə, susmaq qızıldır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.