Toyota Land Cruiser modeli bu il rəsmi olaraq 70 illik yubileyini qeyd edir. İlk Toyota ofrouderi 1951-ci ildə ABŞ hökumətinin təkidi ilə işıq üzü görüb - amerikan hərbiçilərinə Asiya bölgəsində istifadə edə biləcəkləri etibarlı tamötürməli nəqliyyat vasitəsi lazım idi.

Toyota BJ (1951-ci il)

Toyota mühəndisləri ofrouderin əsas kimi amerikan Willys modelinin konstruksiyasını götürsələr də, onu özlərinin yük avtomobilindən götürülmüş 85 at qüvvəli 3,4-litrlik sıralı altısilindrli mühərrik ilə təchiz etmişdilər. Tamötürməli transmissiya daimi arxa ötürməyə və sərt şəkildə birləşdirilən ön oxa malik idi. Azaldıcı cərgə isə yox idi. Toyota BJ adlı avtomobilin istehsalına 1953-cü ildə başlanıldı, bir il sonra isə ofrouder Land Cruiser adını aldı.

Yubiley üçün əsas "hədiyyə" yeni Toyota Land Cruiser 300 modeli olmalıdır. Yeni ofrouderin təqdimatı 9 iyun tarixində keçiriləcəkdir, buna baxmayaraq, LC 300 artıq aprel ayından başlayaraq istehsal olunur.  Hələlik isə, Yaponiyada, 70th Anniversary Limited adlandırılmış xüsusi seriyadan olan Toyota Land Cruiser Prado modeli debüt edib. Yeni versiya “yubiley” avtomobillərinə xas olan tərtibat dəstinə malikdir.

Radiator barmaqlığı və pəncərə haşiyələri də daxil olmaqla, bütün xrom elementlər tündləşdirilib. Güzgülərin gövdələri, damdakı reylinqlər və 18-düymlük təkər diskləri qara rəngə boyanıb. Bundan başqa, arxa dayağa xüsusi versiyasının adı yazılmış lövhəcik vurulub. Salon tərtibatında qəhvəyi dəridən istifadə edilir və xüsusi seriyanın loqotipi olan ayaqaltılar yerləşdirilir. Seçim üçün beş kuzov rəngi təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yaponiyada Land Cruiser 70th Anniversary Limited modeli 163 at qüvvəli 2,7-litrlik benzin mühərriki və 204 at qüvvəli 2,8-litrlik turbodizel ilə təklif olunur. Hər iki aqreqat altı pilləli "avtomat" ilə təchiz edilir. Yubiley versiyasının yerli bazardakı qiyməti 39.200 dollardan başlayır. Bir müddətdən sonra  “yubiley” ofrouderləri digər ölkələrdə də satışa çıxarılacaqdırlar.