Toyota şirkəti zaman-zaman alıcılarını Land Cruiser modelinin “yubiley” versiyaları ilə sevindirir. Buna misal olaraq, modelin 50 və 60 illik yubileyinə həsr edilmiş variantlarını göstərmək olar. Bu günlərdə yapon istehsalçısı ən populyar ofrouderinin daha bir versiyasını – Heritage Edition modifikasiyasını təqdim edib. Bu modifikasiya Toyota Land Cruiser modelinin ABŞ bazarında debüt etməsinin 60 illik yubileyi şərəfinə hazırlanıb.

İlk Land Cruiser modeli Amerikada 1958-ci ildə satılmağa başlanıb. Yaponlar gec də olsa bu əlamətdar tarixi qeyd etmək qərarına gəliblər. Land Cruiser 200 Heritage Edition modifikasiyası digər “Kruzerlərdən” əsasən dekoru ilə seçilir: radiator barmaqlığının bir sıra elementləri qara rəngə boyanıb, qalan xrom elementlər isə tündləşdirilibdir. Bundan başqa, model bürünc rəngli 18-düymlük BBS təkər disklərini əldə edib. Kuzovun “təmizliyini” təmin etmək məqsədilə ayaqaltılar və xrom qapı moldinqləri çıxarılıbdır. Əlbəttə ki, xüsusi yazısız da ötüşməyib: avtomobilin arxa dayaqlarında Toyota şirkətinin 60-cı illərdə istifadə etdiyi şriftlə “Toyota Land Cruiser” sözləri həkk olunub.

Funksional avadanlıqdan isə transmissiyanın, asqı elementlərinin, radiator və yanacaq çəninin müdafiəsi quraşdırılıb. Ofrouderin salonunda seçilən tikişləri olan dəri örtüyü və yuyulan xüsusi ayaqaltıları görmək olar. Əsas olaraq beşyerli salonu, havalandırmalı ön oturacaqları, dörd zonalı havalandırma sistemi və JBL səs sistemi olan Land Cruiser 200 modeli götürülüb.

ABŞ bazarında LC 200 standart olaraq 386 at qüvvəsi hasil edən 5,7-litrlik V8 benzin mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə satılır. ABŞ bazarında 1200 ədəd Heritage Edition modifikasiyasının satılması planlaşdırılıb. Xüsusi seriyadan olan avtomobillər yerli bazarda yay aylarında satılmağa başlayacaqdırlar. Avtomobilin qiyməti elan edilməsə də, onun 90 min dolların üzərində olacağı ehtimal edilir.      

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt