Bu yaxınlarda Toyota Land Cruiser 300 modelinin Yaponiyadakı alıcılarına ofrouderin üçüncü şəxslərə satışının qadağan olunması barədə məlumat vermişdik. Bu günlərdə Toyota şirkəti bu faktı rəsmi olaraq təsdiqləyib.

Toyota şirkətindən rəsmi açıqlama alan Mag-X nəşrinin bildirdiyinə görə, yaponiyalı müştərilər avtomobili müəyyən müddət ərzində satmayacaqları barədə öhdəlik imzalamalı olacaqdırlar. Üstəlik, yapon markası hazırda daxili bazarda Land Cruiser 300 modelinə sifarişlərin qəbulunu tamamilə dayandırıb.

Toyota şirkəti göndərdiyi açıqlamada, avtomobillərin xaricə, xüsusən də lokal hərbi qarşıdurmalar olan zonalara axınından narahat olduğunu bildirib. Eyni zamanda, Toyota yerli dilerlər tərəfindən xarici ticarət haqqında qanunların mümkün pozulmasından narahat olduğunu ifadə edib. Bu hal bütövlükdə yapon markasının imicinə mənfi təsir göstərə bilər.

Dilerlər artıq qanunun pozulması halında qarşılacağı risklərlə bağlı xəbərdarlıq məktubları alıblar. Bundan sonra, satış mərkəzlərinin rəhbərləri alıcılardan ofrouderləri yenidən satmamaq barədə yazılı öhdəlik almaq qərarına gəliblər. Əvvəlcədən sifarişin məhz satış məqsədilə rəsmiləşdirildiyi ortaya çıxarsa, qəbul olunmuş sifariş dərhal ləğv ediləcəkdir. Hazırda ofrouderi bron etmək mümkün deyil və bu məhdudiyyətin nə qədər davam edəcəyi hələlik bilinmir.

Digər tərəfdən, öncədən sifarişlərin qəbul edilməməsinin səbəbinin, elektron komponentlərin çatışmazlığı ucbatından konveyer xətlərinin gözlənilən dayandırılması da ola bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.