Yaxın günlərdə Yaponiyada Toyota RAV4 Prime modelinin satışlarına başlanmalıdır. Bundan istifadə edən yapon şirkəti hibrid krossover haqqında bəzi təfərrüatları açıqlayıb. Toyota RAV4 Prime krossoverinin RAV4 ailəsinin ən yeyin və ən qənaətcil üzvü olduğu artıq bizə məlumdur. Bu gün isə, istehsalçı bunun səbəblərini açıqlayıb.

Hibridin güc qurğusunun əsasını 177 at qüvvəsi və 219 Nm fırlanma anı hasil edən 2,5-litrlik atmosfer mühərriki təşkil edir. Mühərrikə yardım etmək iki elektromotora həvalə olunub. Onlardan birincisi, 182 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən elektromotor ön oxu hərəkətə gətirməyə yardım edir, 54 at qüvvəsi və 121 Nm fırlanma anına malik olan ikincisi elektromotor isə arxa oxa cavabdehdir. Hibrid güc qurğusunun ümumi hasilatı 306 at qüvvəsi təşkil edir.  Hibrid krossover 100 km/saat həddini altı saniyəyə toplayır.

Krossoverin təchiz edildiyi 18,1 kilovat-saatlıq batareya onu bu sinifdə olan modellərin liderinə çevirir. Toyota RAV4 Prime qoşulan hibridi benzin mühərrikindən istifadə etmədən 65-95 kilometr (müxtəlif ölkələrdəki müxtəlif hesablama metodlarına əsasən)  arasında məsafə qət edə bilər. 55 litrlik yanacaq çəni sayəsində hibrid krossoverin ümumi yürüş ehtiyatı 1316 kilometr təşkil edir.  Ən maraqlısı odur ki, Toyota akkumulyator batareyasına 10 illik zəmanət verməyə hazırdır.

Toyota RAV4 Prime modeli idman asqısı, başqa tərtibata malik olan radiator barmalığı və bamperləri, həmçinin qırmız tikişləri olan qara dəri ilə örtülmüş interyeri ilə fərqlənir. Yaponiyada satılan bütün krossoverlər zəngin təchizata malik olacaqdırlar. Model üçün hazırlanmış opsiyalar siyahısına multimedia sisteminin 9,0-düymlük ekranı ilə yanaşı, 100 voltluq məişət elektrik cərəyan mənbəyi də daxil edilib. Avropa bazarında satılacaq krossover isə, ənənəvi olaraq 230 voltluq cərəyan mənbəyinə sahib olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Doğrudur, bunun nə zaman baş verəcəyi hələlik dəqiqləşdirilməsə də, Toyota şirkəti il ərzində hibrid krossoverin Avropadakı satışlara başlamaq niyyətindədir. Toyota RAV4 Prime modeli Azərbaycan bazarında təklif edilməyəcəkdir. Ən azından yaxın zamanlarda...