Bu ilin 22 oktyabr tarixində Yaponiyanın yeni imperatoru Naruhitonun tacqoyma mərasimi keçiriləcəkdir. Bu tədbir üçün xüsusi olaraq Toyota Century modelinin üstü açıq variantı hazırlanıbdır.

İmperator evinin sifarişi ilə hazırlanmış Toyota Century kabrioleti yeganə nüsxədədir. Kabriolet tərkibinə 431 at qüvvəli 5,0-litrlik V8 mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir.  Eyni qurğu, ildə 50 nüsxəlik məhdud saylı tirajla buraxılan «mülki» Toyota Century sedanı üçün də təklif edilir.

Kabrioletə çevrilmiş Century modelinin qabaritləri dəyişməyib. Avtomobil dördqapılıdır və onun uzunluğu 5340 mm təşkil edir. Şəkillərdən göründüyü kimi, ikinci cərgənin oturacaqları standart modeldə olduğundan bir qədər hündürdə yerləşir. Bundan başqa, kabriolet üçün dam örtüyü də nəzərdə tutulmayıb: buna alın şüşəsinin çərçivəsindəki qıfılların olmaması işarə edir.