Hər bir ölkənin dünya miqyasında tanınan şirkətləri arasında mütləq hava yolları şirkətləri də olur. Çünki həm xidmət, həm də keyfiyyət baxımından milyonlarla insana xidmət göstərən bu şirkətlər eyni zamanda ölkənin mədəniyyətini, xidmət səviyyəsini və mətbəxini də dünyaya nümayış etdirir. Qardaş Türkiyənin bu sarıdan bəxti gətirib, çünki onları təmsil edən Türk Hava Yolları kimi bir milli dəyərdir.

1933-cü ildə qurulan THY ölkənin ən böyük 3 şirkətindən biridir. THY həm də rekordçudur – 126 ölkədə 315 nöqtəyə sərnişin daşıyır ki, hər iki göstəriciyə görə dünyada birincidir. Belə geniş miqyaslı xidmət göstərmək üçün də çox böyük və rəngarəng təyyarə parkına ehtiyac var. Bu yazımızda biz qırmızı quyruqlu, üzərində lalə silueti həkk olunmuş THY təyyarələrinin tipləri ilə tanış olacağıq.

Airbus A321-200

Dünyanın ən çox satılan təyyarələrindən olan Airbus A320 ailəsinin 3 üzvündən (A319-100, A320-200, A321-200) THY-da ümumi 82 ədəd var. Hazırda parkda olan bu təyyarələrdən ilki 2006-cı ildə alınıb. Şirkət uzunluqları müvafiq olaraq, 33,84 m, 37,57 m və 44,51 m olan bu təyyarələri daha çox ölkədaxili, Yaxın Şərq və Avropada, eyni zamanda da Şimali Afrikaya olan uçuşları üçün istifadə edir.

A319-lara 12 biznes, 114 ekonom olmaqla, 126, A320-lərə isə 12 biznes, 141 ekonom olmaqla, 153 oturacaq yerləşdirilib. THY ailənin ən böyük üzvü A321 üçün isə iki oturacaq konfiqurasiyasından istifadə edib: 12 biznes, 176 ekonom olmaqla 188 oturacaq və 20 biznes, 158 ekonom olmaqla, 178 oturacaq.

Airbus A321neo

THY Airbus A320 ailəsinin yeni nəsli olan Neo (New Engine Option) variantından sifariş edərkən müştəri tələbatını da nəzərə alıb və daha böyük olan A321neo üçün Airbus-a müraciət edib. Yeni motorlara və yeni qanad quruluşuna malik olması təyyarənin daha az yanacaq sərf etməsinə kömək edir və aerodinamikasını yaxşılaşdırır.

Ümumi 92 ədəd olan sifarişdən artıq 15-i şirkətə 2018-ci ildən bəri təhvil verilib. Yerdə qalan 77 təyyarə isə 2023-cü ilə qədər hazır olmalıdır.Ölçüləri sələfi ilə eyni olan A321neo daha uzun məsafəyə - 7400 km-ə uça bilir. THY-nin daha çox tutuma malik olan bu təyyarələrində qismən Airbus Cabin Flex konfiqurasiyasından istifadə olunub, 20 biznes, 162 ekonom olmaqla, 182 oturacaq yerləşdirilib.

Boeing 737-900ER

Türk Hava Yollarında sayca ən çox olan təyyarə məhz Boeing 737-dir. Şirkət iki tip  737-dən istifadə edir və hər ikisi NG (Next Generation) seriyasının modelləridir: 102 ədəd 737-800 və 15 ədəd 737-900ER. Uzunluqları fərqli olsa da (müvafiq olaraq, 39,47 və 42,11 m), qanadlarının kənar nöqtələri arasındakı məsafə eynidir: 34,32m.

Şirkət bu təyyarələri A320 ailəsi ilə paralel olaraq, eyni istiqamətlərdə istifadə edir. Maksimal uçuş məsafələri təxminən 5450 km-ə yaxın bu modellər THY-nın seçdiyi müxtəlif konfiqurasiyalara görə 150-160 nəfər arası sərnişin daşıya bilir.

Boeing 737 MAX 8

Başıbəlalı modelin əlindən çəkən şirkətlərdən biri də THY-dır. Boeing-ə verilən 65 ədəd 737 MAX 8 sifarişindən 11-i, 10 ədəd 737 MAX 9 sifarişindən isə cəmi 1-i təhvil verilib. Boeing türklərin yerdə qalan sifarişlərinin bir qismini hazır etsə də, bu təyyarələrin uçuşuna qoyulan qadağa və istehsalına verilən fasilə bütün planları pozub. Lakin THY amerikanlara qarşı təzminat məhkəməsindən qalib ayrılıb ki, bu da şirkətin uğradığı zərərin bir qismini qarşılayacaq.

MAX seriyası Airbus-un Neo-larına rəqibdir. MAX 8 və MAX 9 müvafiq olaraq, 737-800 və 737-900ER ilə eyni uzunluqdadır, sadəcə yeni dizaynlı qanadların uc nöqtələri arasındakı məsafə daha uzundur – 35,92 m. Əvvəl təyyarələrin 2022-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulurdu, indi isə necə olacağını heç kim bilmir. MAX8 və MAX 9 bir dəfəyə THY-nin müvafiq olaraq, 151 və 169 müştərisini daşıyacaqlar.

Airbus A330-300

Airbus A330 dedikdə məhz THY-nin yada düşməsi təsadüfi deyil, çünki şirkət bu təyyarənin ən böyük müştərisidir. İlk uçuşunu 1992-də edən, 1994-cü ildən isə istifadəyə verilən geniş gövdəli təyyarə THY-nin bayrağı altında 2005-ci ildən uçmağa başlayıb. Şirkət bu təyyarələrin iki növündən istifadə edir – 18 ədəd A330-200 və 40 ədəd A330-330 təyyarəsi var. THY bu təyyarələri məsafəsindən asılı olmayaraq, hər bir nöqtəyə göndərir. O cümlədən, bir müddət əvvəl İstanbul-Bakı xəttində də istifadə edilib.

A330-200 58,82 m, A330-300 isə 63,67 m uzunluğundadır, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə hər ikisində eynidir - 60,33 m. Maksimum uçuş məsafələri müvafiq olaraq, 13450 km və 11 750 km-dir. Şirkət bu təyyarələr üçün müxtəlif oturacaq konfiquraları seçib: A330-200 üçün 22 biznes, 228 ekonom olmaqla, 250 oturacaq, 30 biznes, 190 ekonom olmaqla, 220 oturacaq və22 biznes, 259 oturacaq olmaqla, 281 oturacaq. A330-300 isə eyni anda 28 nəfəri biznes, 261 nəfəri ekonom sinfində olmaqla, ümumi 289 nəfəri daşıya bilir.

Boeing 777-300ER

THY-nın sahib olduğu ən böyük təyyarə olan Boeing 777-300ER həm də şirkətin vizit kartı hesab oluna bilər. Çox populyar olan 777 ilk uçuşunu 1994-cü ildə reallaşdırıb. Ailənin ən böyük üzvü olan və THY tərəfindən də istifadə olunan 777-300ER 73,86 m uzunluğa, 64,80 m qanadların kənar nöqtələri arasındakı məsafəyə malikdir. Maksimal uçuş məsafəsi 13 649 km-dir.

THY-da bu təyyarələrdən 33 ədəd var və 2010-cu ildən etibarən istifadə edir. Əsasən, İstanbulu uzaq məsafədə yerləşən turizm mərkəzlərinə birləşdirməkdə istifadə olunsa da, İzmir kimi yaxın şəhərə də tələbat çox olduqda, uçurulur. Şirkət iki oturacaq konfiqurasiyası seçib: 49-u biznes, 300-ü ekonom olmaqlı, 349 oturacaq və 28-i biznes, 372-si ekonom olmaqla, 400 oturacaq.

Boeing 787-9 Dreamliner

THY bir neçə il əvvəl təyyarə parkını yeniləmək üçün uzun müddət düşündükdən sonra iki növ yeni təyyarə modeli sifariş verib. Bunlardan biri də Dreamliner-ların orta ölçüdə olanı, yəni 787-9 modelidir. İlk uçuşunu 2013-cü ildə reallaşdırıb, 62,81 m uzunluğundadır. Qanadların kənar ucları arasındakı məsafə digər “qardaşları” ilə eyni ölçüdədir – 60,12 m. Maksimum mənzili isə 14 140 km-dir.

Sifariş olunan 25 təyyarədən (daha 5 ədəd artırılması nəzərdə tutulub) keçən ilin yayından təhvil verilməyə başlayıb və artıq 11 ədədi xidmətdədir. 787-9 üçün yeni kabinə dizayn və rəngləri seçilib, 30-u biznes, 270-i ekonom olmaqla, 300 nəfəri Bali, Panama, Keyp Taun, Atlanta, Mexiko, Dubay kimi bir çox şəhərə apara bilir.

Airbus A350-900

Türk Hava Yollarının yenilənmə məqsədi ilə 787-9 ilə birlikdə və eyni sayda sifariş verdiyi digər təyyarə isə Airbus-ın ən müasir və güclü modeli hesab edilən A350-dir. THY modelin A350-900 versiyasını seçib. Təyyarə ilk uçuşunu 2013-cü ildə yerinə yetirib. Uzunluğu 66,8 m, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 64,75 m-dir. Uçuş məsafəsinə söz ola bilməz – 15 000 km.

THY üçün nəzərdə tutulan təyyarələrdən ilki hazır olsa da, pandemiya təslimata mane olub. Belə ki, şirkət üçün yeni model olduğundan, Airbus əməkdaşlarının İstanbula gələrək pilotların və texniki işçilərin təlimini davam etdirməsi vacibdir, lakin karantin rejimi buna imkan vermir. Müasir oturacaqlarla təchiz ediləcək təyyarə üçün THY bu konfiqurasiyanı seçib – 32 biznes, 297 ekonom olmaqla, ümumi 329 oturacaq.

Əsas “ev”-i İstanbul aeroportu və Ankaranın Esenboğa aeroportu olan şirkət həm də Airbus A300-600F, A310-300F, A330-200F, Boeing 747-400F və 777F tipli təyyarələrlə 82 istiqamətdə karqo xidməti göstərir. Yeni aeroportun böyük karqo potensialı şirkətin bu yöndə də inkişaf edəcəyindən xəbər verir.

THY təkcə müasir təyyarə parkı ilə yox, həm də xidməti ilə seçilir. Şirkət xüsusilə də, yemək məsələsində tez-tez sərnişinlərə sorğu ilə müraciət edir. Uzun məsafələrə uçuşlarda rahatlıq çox vacibdir və THY xüsusilə də, sifariş etdiyi 2 yeni model üçün yeni dizayn və ən müasir oturacaqları seçib.

Atatürk Hava Limanından yeni, dünyada ən böyük olan İstanbul Hava Limanına keçid şirkət üçün yeni nəfəs olub. Demək olar ki, elə keçid vaxtı təyyarədə xidmət göstərən əməkdaşları üçün göz oxşayan rənglərlə boyanmış yeni geyimlər seçən şirkət İstanbul Hava Limanının verdiyi geniş imkanlarla növbəti illərdə daha da böyüyəcək və daha çox istiqamətə uça biləcək.