Şənbə günü Silverstounda keçirilən Böyük Britaniya Qran Prisinin təsnifat mərhələsində Mercedes komandasının fin pilotu Valtteri Bottas minimal üstünlüklə komanda yoldaşı Lyuis Həmiltonu üstələyib. Üçüncü yerdən Ferrari pilotu Şarl Lekler start alacaqdır.

Qeyd etmək lazımdır ki, sıralama sessiyasında Ferrari pilotu Şarl Lekler Mercedes pilotları ilə mübarizə apara bilən yeganə pilot olub. Şarl ikinci seqmentdə yeyin olsa da, final seqmentində Valtteri Bottas hər kəsi üstələyib.  Fin pilot 1:25,093 zamanına imza ataraq, bu mövsümdəki dördüncü poulunu qazanıb. Üstəlik, Valtteri Silverstounun rekordunu yeniləyib.

Həftəsonu qeyri-stabil çıxış edən Lyuis Həmilton, sıralamalar da səhv buraxıb. O, yeyin dövrəsində Brooklands döngəsində səhv buraxıb. Beləliklə, britaniyalı komanda yoldaşına 0,006 saniyə uduzaraq poulu əldən verib. 

Lekler isə, Red Bull pilotlarını qabaqlayaraq üçüncü olub. Maks Ferstappen komanda yoldaşı Pyer Qaslini üstələməyə müvəffəq olub. Sebastyan Fettel sıralamanı altıncı bitirib. Dainel Rikkardo, Aleks Albon, Lando Norris, Niko Hülkenberqilk onluğa  daxil olublar.  

Qeyd etmək lazımdır ki, Mercedes və Red Bull Racing pilotları yarışa Medium, Ferrari pilotları isə Soft təkərlərində başlayacaqdırlar. Şarl Leklerin sərt tərkibdə yeyin olduğunu nəzərə alsaq, yarışda monakolunun Mercedes pilotlarına «əlcək atacağı» gözlənilir.