Tez-tez mənə müxtəlif xəbər agentliklərindən müraciət edərək, avtomobil eksperti kimi müvafiq sektorun hazırlki durumunu şərh etməyimi, postpandemiya dövrü üçün pessimist və optimist ssenarilər üzrə proqnozlar verməyimi istəyirlər. Mən və kolleqalarım çalışırıq əlimizi ölkə avtomobil bazarınıın nəbzində saxlayaq, bütün tendensiyaları vaxtında izləyək. Bir müddət əvvəl yaşı on ildən çox olan avtomobillərin ölkəyə gətirilməsinin ekologiyamıza zərbə olduğunu, eyni zamanda belə avtomobillərin yollarda təhlükə mənbəyinə çevrildiyini bildirir, ictimayyətin diqqətini bu problemlərə cəlb etməyə çalışırdıq.

Eyni zamanda vurğulayırdıq ki, onsuz da böhran içində olan rəsmi avtomobil dilerləri köhnə avtomobillərin axını ilə rəqabət aparmaq iqtidarında deyil. Milli valyutanın devalvasiyası, gömrük rüsumlarının artırılması, yeni kredit siyasəti bu sektoru uçuruma yaxınlaşdırmışdı ki, son və sarsıdıcı zərbəni COVID-19 pandemiyası vurdu.

Hökumət orqanları tərəfindən məcburi olaraq qəbul edilmiş sərt karantin tədbirləri iqtisadiyyatın zəifləməsi, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşayət olunur. Belə bir zamanda, insanlar daha çox qənaət etməyə üstünlük verirlər. Odur ki, avtomobil satışlarının kəskin azalması gözlənilən idi və elə azaldı da, daha sonra isə sərgi-saıtş salonları tamamilə bağlandı. 

Əslində alıcları qarışqa kimi qaynayan iri supermaketlərin fəaliyyət göstərdiyi anda, gündə iki-üç nəfərin qapısını açdığı avtomobil salonlarının yüksək yoluxma təhlükəsi yaratdığnı düşünmək absurddur. Təəssüf ki, karantinlə əlaqədar absurd qərarlara artıq alışmağa başlamışıq, lakin bu ayrı söhbətin mövzusudur…

Beləliklə rəsmi avtomobil sektoru iflasa uğramağın bir addımlığındadır. Buna daha bir sübut son zamanlar gömrüklərdə və yollarda tez-tez rast gəlinən əzilmiş avtomobillərlə dolu olan qoşquları yedəyinə almış yük avtomobilləridir. 

Belə bir tendensiya on illər əvvəl Baltikyanı ölkələrində müşahidə olunurdu. Yerli avtomobil tacirləri ABŞ-da fəaliyyət göstərən Copart kimi hərraclardan qəzaya düşmüş avtomobilləri daşıyaraq, təmir edir, qonşu Belarusa və hətta Qazaxstana belə satırdılar.

Bunun da əsas səbəbi əzik maşınlara olan gömrük rüsumlarının demək olar ki, sıfıra bərabərliyi, həmçinin Gömrük İttifaqına aid ölkələrə idxal edilən avtomobillərə tətbiq olunacaq rüsumlarının artırılacağı barədə verilmiş proqnozlar idi.  Məlum məsələdir ki, insanlar gömrük xərcləri artmamış şəxsi nəqliyyata yiyələnmək istəyirdilər.

Artıq bir neçə ildir ki, Gürcüstan bu estafeti təhvil alıb. Əfsanəvi Feniks quşu kimi Baltika sahillərində yanıb külə dönmüş biznes, bu dəfə Gürcüstanda yenidən dünayaya gəlib. Gürcüstanlı həmkarlarımla bu vəziyyəti müzakirə etdiyim zaman məlum oldu ki, artıq bu ölkəyə gətirilən avtomobillərin əksər hissəsini qəzalı maşınlar təşkil edir. Qonşu ölkədə gömrük rüsumlarının bizdən qat-qat aşağı olduğuna baxmayaraq, əhalisinin aşağı alıcıq qabiliyyəti tacirləri bu biznesə sövq edir.

Müvafiq olaraq, bizim tacirlərə də təklif edilən avtomobillərin əksəriyyətini belə nəqliyyat vasitələri təşkil edir. Odur ki, əzik-üzük avtomobillərlə dolu olan karvanların yollarımızda artmasının səbəbi elə budur. Artıq bir faktdır ki, Azərbaycanın avtomobil bazarında təkliflərin formalaşmasında Gürcüstan birbaşa istirak edir və böyük təsirə malikdir.

Ən maraqlısı odur ki, Gürcüstanlı həmkarın bu biznesə hamilik edənlərin Gürcüstandakı siyasətçilərin olduğunu bildirdi. O, hökumətdəki nüfuzlu məmurların dəstəyi olmadan belə bir işə girişməyin çox təhlükəli olduğunu da dedi. Məsələ elə ciddidir ki, Gürcüstanın gömrük orqanları bu bizneslə məşğul olan şəxslər barədə məlumatlarla bölüşməyi sevmir. Həmkarım bir neçə dəfə belə məlumat almaq istəsə də, onun sorğusuna cavab verməkdən imtina ediblər və beləliklə də jurnalist araşdırması nəticəsiz qalıb.

Bizim bazara idxal olunun əzik avtomobillərə gəldikdə isə, çox güman ki, onlar ya təmir olunaraq yerli bazarda satılır və yaxud parçalara bölünərək ehtiyat hissəsləri şəklində reallaşdırılırlar. Hər iki halda bunun yollardakı təhlükəsizliyə ciddi zərbə vurduğunu söyləmək olar. Yəqin ki, Nobel prospektində baş vermiş qəzada iki hiəssəyə parçalanmış avtomobili hamı xatırlayır. Qəzalı avtomobillərin təkcə gövdəsi yox, digər hissələrinin də normadan uzaqlığı aydın məsələdir. Geometriyası pozulmuş kuzovun asqısında, əyləc və digər sistemlərində nasazlıqların yaranması labüddür və bu da yol hərəkətinin bütün iştirakçıları üçün təhlükə yaradır.

Digər tərəfdən yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir edən amillərdən biri də işlənmiş və ya bərpa edilmiş ehtiyat hissələridir. Məsələn, qonşu Rusiyada iş o yerə çatmışdır ki, işlənmiş və ya bərpa edilmiş ehtiyat hissələrindən istifadənin qarşısını almaq üçün Gömrük İttifaqının “Təkərli nəqliyyat vasitələrinin təhlükəsizliyi haqqında” texniki reqlamentə düzəlişlər etmək qərarı qəbul olunub.

Heç kimə sirr deyildir ki, yollarımızda baş verən yol nəqliyyat hadisələrində ölüm hallarının sayı çox yüksəkdir. Dövlət statistika komitəsinin 2019-cu il üzrə rəqəmlərinə nəzər salsaq, 2019-cu ildə 1870 YNH-nin qeydə alındığını görə bilərik. 2018-ci illə müqayisədə qəzaların sayı 2,9% artıb. Bu qəzalarda 821 nəfər həlak olub, 1702 nəfər isə xəsarət alıb. 2018-ci illə müqayisədə həlak olanların sayı 13,7% çoxdur. 2020-ci ilin ilk üç ayında 2019-cu ilin müvafiq dövrünə əsasən qəzalarda həlak olanların sayı 27,5% artıb. Yol nəqliyyat hadisələrinin sayında da artım müşahidə olunur - 12,8%.

Bu qəzaların baş verməsi səbəblərini araşdırsaq, qayda pozuntuları ilə yanaşı texniki nasazlıqların da qəzalara səbəb olduğunu görə bilərik. Üstəlik, aktiv və passiv təhlükəsizlik sistemlərinin nasaz olması ölüm hallarının artmasına səbəb olur. O da məlumdir ki, qəzalı avtomobillərin bərpası zamanı, bir çox hallarda hava yastıqlarının yenisi ilə əvəzlənməsi "unudulur". Eləcə də sağ sükanlı avtomobillərin “perekidkası” zamanı “air-bag” heç yada düşmür.

Ölkəmizin avtomobil parkının 80 faizdən çoxunu köhnəlmiş avtomobillər təşkil edir - bu danılmaz faktdır. Bu parkı təşkil edən nəqliyyat vasitələrinin böyük əksəriyyəti yuxarıda qeyd etdiyim kimi, vaxtı ilə uzaq xaricdən Gürcüstana gətirilərək təmir edilmiş və sonradan bizim ölkəyə idxal edilmişdir. Müşahidələr gösrtərir ki, Gürcüstanda vüsət almış hərəkat indi Azərbaycana da köçüb, qəzalı avtomobillərin bərpası ilə öz ölkəmizdə məşğul olan “biznes subyektləri” var.

Görəsən bu təhlükəli tendensiyadan yaxa qurtarmaq üçün nə etməliyik? Xarici ölkələrin təcrübəsi göstərir ki, ilk növbədə yeni avtomobillərin alınması stimullaşdırılmalıdır. Bunun üçün utilizasiya proqramı hazırlanmalı, yeni və ekoloji cəhətdən təmiz olan nəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumları yenidən nəzərdən keçirilməlidir. Bir çox ölkələrin dövlət orqanları elektromobil və hibridlərə tətbiq edilən rüsumlarını sıfıra endirməklə yanaşı, belə avtomobillərin alınması üçün xüsusi subsidiyalar da verirlər. Məsələn, bu yaxınlarda Almaniya hökuməti belə nəqliyyat vasitələrinə verilən subsidiyaları üç min avro məbləğində artırmaq qərarını verib. Nəticədə, subsidiyaların məbləği doqquz min avroya qədər artıb…

Əslində bu materialda qeyd olunan məsələlərin əksər hissəsi dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapmışdır. Ən vacib məsələ bu proqramın həyata keçirilməsini sürətləndirməkdir. Əks halda yollarımızda baş verən qəzaların və bu qəzalar nəticəsində ölüm hallarının artmasının qarşını ala bilməyəcəyik. Üstəlik ölkəmizin ekoloji mənzərəsinə vurulan sarsıdıcı zərbə göz qarşısındadır.

Əlbəttə kimsə deyəcək ki, dünyada koronavirusun baş alıb getdiyi, insan həyatlarına son qoyduğu zamanda sən nə qoyub, nə axtarırsan? Cavabım belə olacaq ki, köhnə avtomobillərin havaya tulladığı qazlar insanların nəfəs orqanlarının onkoloji xəstəliklərə məruz qalmasının ən başlıca səbəbidir. Milli onkologiya mərkəzinə Allah heç kimin yolunu salmasın, görənlər bilir ki, bu klinikanın dəhlizlərində izdiham əlindən tərpənmək mümkün deyil.

Təhlükəli virus gəldiyi kimi gedəcək, geci-tezi var, hər şey məsuliyyətimizdən və məsul qurumların səriştəsindən asılıdır. Xərcəngdən əziyyət çəkən böyüklərin, xəstə doğulan uşaqların statistikası isə maskadan-məsafədən yox, küçələrdə yürüyən köhnə avtomobillərin sayından birbaşa asılıdır. Bu məsuliyyəti də unutmaq olmaz. Söhbət insanların təhlükəsizliyindən, sağlamlığından, genetik fondumuzdan gedirsə, hər birimiz düşünməliyik…

Sonra demədi, deməyin...

P.S. Mən sonda autograph.az saytının oxucularına müraciət etmək istəyirəm: maqistral yollarımızda qəzalı, əzik-üzük avtomobillər daşıyan qoşqular görürsəniz, şəklini çəkib redaksiyaya göndərin.