Volkswagen ID.4 elektrik krossoveri bazara bir neçə versiyada daxil olub, lakin bütün modifikasiyalar yalnız bir elektrik mühərriki və arxa ötürmə ilə təklif edilirlər.Elektrokrossoverin ilk tam ötürməli versiyası isə bu gün debüt edib – bu, Volkswagen ID.4 GTX modelidir. Üstəlik, bu krossover "qaynar" model kimi mövqeləndirilir. Odur ki, GTX indeksi bundan sonra şirkətin ən güclü və sürücüyə ünvanlanmış elektromobillərinə veriləcəkdir. Xatırladaq ki, bu günə qədər alman istehsalçısı benzin, dizel və hibrid güc qurğusu ilə təchiz edilmiş “qaynar” modelləri, müvafiq olaraq, GTI , GTD və GTE indeksləri ilə işarələyirdi.

Texniki cəhətdən Volkswagen ID.4 GTX krossoveri qohum Skoda Enyaq iV RS krossoveri ilə demək olar ki, eynidir. Arxa oxda adi versiyalarda olduğu kimi, 204 at qüvvəli elektrik mühərriki quraşdırılıb. İkinci mühərrik isə ön təkərləri hərəkətə gətirir. Ancaq Volkswagen krossoverinin ümumi gücü nədənsə Skoda krossoverində olduğundan azdır: 306 at qüvvəsinə qarşı 299 at qüvvəsi. Üstəlik, bu göstərici yalnız 30 saniyə ərzində əlçatandır, bundan sonra elektrik mühərriklərinin ümumi hasilatı azaldılır.

Digər dəyişikliklər arasında yenidən tənzimlənmiş müstəqil asqı sistemi yer alır, lakin ciddi fərqdən söhbət gedə bilməz. GTX versiyası 100 km/saat həddini 6,2 saniyəyə toplayır, onun maksimal sürəti isə 180 km/saat həddində məhdudlaşdırılıb. Standart  77 kilovat-saatlıq batareya 480 kilometrlik (WLTP dövrünə əsasən) yürüş məsafəsi üçün kifayət etməlidir.

Zahiri cəhətdən, Volkswagen ID.4 GTX modeli yüngül şəkildə dəyişdirilmiş bamperləri ilə fərqlənir, lakin onu arxa ötürməli versiyalarından seçmək o qədər də asan olmayacaqdır. Ən bariz əlamət isə, ön bamperin yan hissələrindəki əlavə LED işıqlarıdır. Salon tərtibatında açıq rəng əvəzinə tünd rəngli materiallardan istifadə edilir, oturacaqlarda qırmızı tikişlər və standart qırmızı işıqlandırma var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tam ötürməli GTX versiyasının Avropa bazarındakı satışlarına yay aylarında başlanmalıdır. Almaniyada ID.4 GTX modelinin qiyməti 50.400 avrodan başlayır. Müqayisə üçün, 245 at qüvvəli Volkswagen Tiguan krossoverinin minimal qiyməti  45.800 avrodur.