Volkswagen şirkəti yeni Transporter 7 furqonunun və Amarok pikapının ikinci nəslinin debüt tarixini açıqlayıb. Məlumat alman konserninin təşkil etdiyi onlayn mətbuat konfransı zamanı verilib. Bundan əlavə, şirkət nümayəndələri T6.1 furqonun gələcək taleyi barədə də məlumat veriblər.

Gələcək yeniliklər haqqında təfərrüatları ilə bölüşmək üçün virtual səhnəyə Volkswagen şirkətinin kommersiay direktoru Karsten Intra çıxıb. Top menecer yeni T7 minivenının bu ilin iyun ayında təqdim ediləcəyini bildirib. Yeni model yalnız sərnişin versiyasında debüt edəcəkdir. Kommersiya  furqonu rolunu T6.1 modeli ifa edəcəkdir –  furqonunyenilənmiş versiyasının debütü T7 modelinin təqdimatından sonra baş tutmalıdır.

Bundan başqa, Volkswagen nümayəndəsi, ilk gündən etibarən, Transporter 7 modelinin hibrid güc qurğusu ilə təchiz ediləcəyini təsdiqləyib. 242 at qüvvəli hibrid qurğunun tərkibinə 1,4-litrlik benzin turbomühərriki və elektromotor daxil olacaqdır. 2022-ci ildə minivenlər cərgəsinə ID.Buzz elektrik furqonu qoşulmalıdır.

Daha bir yenilik, 2022-ci ildə debüt edəcək ikinci nəsil Amarok pikapı olacaqdır. Model yeni Ford Ranger ilə eyni platformada inşa ediləcəkdir. Bununla birlikdə, Karsten Intraya görə, avtomobilin dizaynı və salonu Volkswagen markasının firma üslubunu qoruyub saxlayacaqdır. Yeni nəsil Amarok modelinin istehsalı, alman konserninin hazırda sərmayə qoyduğu Cənubi Afrikadakı Ford  zavodunda təşkil ediləcəkdir.