Volkswagen şirkəti yüksək məhsuldarlıqlı ikiqapılı elektrokarı buraxmaq üzərində düşünür. Yeni sportkar ID.R prototipində tətbiq edilmiş yarış texnologiyalarını özündə cəmləməlidir. Sportkarın tamamilə yeni batareyaya sahib olacağı və MEB platformasında inşa ediləcəyi gözlənilir. Elektrokar kupe və rodster kuzovlarında təklif ediləcəkdir.

Volkswagen şirkətinin gələcək sportkarının texniki hissəsi barədə heç bir məlumat mövcud deyil: MEB arxitekturası bir və ya bir neçə mühərriki olan ön, arxa və tam ötürməli elektrik nəqliyyat vasitələrinin buraxılmasına imkan verir. Bu isə, alman şirkətinin mühəndislərinə geniş imkanlar təqdim edir.

Eyni zamanda, innovasion batareyanın xüsusiyyətləri də açıqlanmayıb. Şayiələrə görə, yeni batareya ənənəvi litium-ion hüceyrələrindən fərqli kimyəvi tərkibə malikdir.

Yeni sportkarda çoxsaylı rekordlara imza atan ID.R sportprototipinin texnologiyalarının tətbiq ediləcəyini düşünən Autocar jurnalistləri yeni ikiqapılı Volkswagen modelinin əsas rəqibinin Tesla Roadster elektrokarı olarağını hesab edirlər.

Gələcəkdə, Volkswagen mühəndislərinin əldə etdikləri nailiyyətlərindən 718 ailəsini əvəz edəcək Porsche elektrik sportkarının və Audi TT modelinin varisinin yaradılmasında istifadə edilə bilər. Hələlik, alman mühəndisləri yarış texnologiyalarını minik avtomobillərinə uyğunlaşdırmaqla məşğuldurlar. Bu isə, Volkswagen sportkarının 2025-ci ildən tez debüt etməyəcəyindən xəbər verir.

Mənbə: Autocar