Volvo şirkəti XC90 krossoverinin elektrik varisi olan EX90 modelinin tizer kampaniyasını davam etdirir. Yeni elektrik krossoverinin təqdimatı 9 noyabr tarixinə planlaşdırılıb. Elektrokar haqqında bəzi təfərrüatlar artıq məlumdur - ilkin foto və video materiallarda yeddiyerlik krossoverin interyeri qismən açıqlanıb. Bundan başqa, İsveç istehsalçısı elektromobilin təhlükəsizlik sistemlərindən danışıb.

Bu günlərdə dərc edilmiş yeni videoçarx elektrokarın aerodinamikasına həsr olunub - Volvo EX90 krossoverinin aerodinamik müqavimət əmsalı 0,29-a bərabərdir. Xatırladaq ki, adi XC90 modelində bu göstərici 0,33-dür.

Tizer videoçarxında avtomobilin bamperinin aşağı hissəsindəki aktiv çəpərciklər sistemi, damdakı spoyler, irəli çıxan qapı tutacaqları, xüsusi dizayna malik olan disklər və vahid hamar səth təşkil edən pəncərə çərçivələri göstərilir - bütün bu elementlər hava müqavimətini azaltmaq üçün nəzərdə tutulub. Yan güzgülər də qeyri-adi dizayna malikdir - onlar kameralarla təchiz olunmuş dayaqlarda yerləşirlər.

Volvo markasının baş stilistinin bildirdiyinə görə, krossoverin görünüşü üzərində işləmiş dizaynerlər komandası idman yaxtalarından ilham alıblar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.