Porsche şirkətinin avtomobil idmanındakı uğurları danılmazdır. Bu markanı daşıyan avtomobillər bir çox seriyalarda möhtəşəm qələbələr əldə edərək alman markasının adını qızıl hərflərlə tarixə yazıblar. Ən maraqlısı isə odur ki, vaxtı ilə Porsche 917 və 956 sportkarlarını Avropadakı yarışlara daşımaq üçün 1968-ci ilin Mercedes-Benz avtobusu istifadə edilirdi.

Bu avtobuslar hələ də işlək vəziyyətdədirlər və onlardan biri Porsche muzeyində, digəri isə Florida ştatının Ceksonvilldəki Brumos kolleksiyasında nümayiş etdirilirlər.

Bu gün yenidən Porsche 935 modelinin yarış meydanlarına qayıtması yeni nəqliyyata ehtiyac yaradır. Rusiyalı dizayner  İqor Şitikov yeni bolidlərin nəqlini həyata keçirəcək xüsusi avtobusun layihəsini hazırlayıb.  Bu dəfə avtobus Mercedes “ulduzunu” deyil, VW loqotipini daşıyır. Dizayner  yeni avtobusu “Volkswagen Renntransporter” adlandırıb. Avtobus Porsche markasının Volkswagen ilə qohumluq əlaqələrinə işarə etməklə yanaşı, alman markasının I.D. Buzz konseptinin tanış cizgilərini də daşıyır.

Yeni konsept klassik Mercedes avtobusları ilə bənzərlik də daşıyır: götürək kuzovun qırmızı rəngini. Bu çalar Porsche şirkətinə məxsus olan orijinal avtobusun rəngini xatırladır.  Avtobusun kvadrat formaları onun arxa hissəsində iki yarış sportkarını yerləşdirməyə tam imkan verir. Üstəlik, Renntransporterin şəffaf yan panelləri qalxaraq kuzovdakı avtomobillərə müdaxiləni asanlaşdırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt