BMW şirkəti Apple şirkəti ilə birlikdə yeni Digital Key ("Rəqəmsal Açar") funksiyasını hazırlayıblar. Onun sayəsində şirkətin bütün yeni avtomobillərini açardan istifadə etmədən açmaq mümkün olacaqdır.

Dünya üzrə keçirilən WWDC konfransında Apple şirkəti iOS əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Yeni sistemdə virtual açarlar yaradaraq, onları təyyarə biletlərini və ya bank kartlarını kimi Wallet tətbiqinə əlavə etmək mümkün olacaqdır.

Virtual açarlardan avtomobilin qapılarını açmaq və kilidləmək, həmçinin mühərriki işə salmaq üçün istifadə etmək olar. Bu halda, smartfon və avtomobil arasındakı əlaqə NFC texnologiyası (Near Field Communication - qısa məsafəli rabitə) tərəfindən dəstəklənəcəkdir. Bunun üçün smartfonu qapıya yaxınlaşdırmaq kifayətdir - NFC-li kartla posterminalda ödəniş etdiyiniz kimi.

Tətbiqin interfeysi avtomobil sahibinə virtual açarı iMessage vasitəsilə bölüşməyə imkan verir. Üstəlik, müxtəlif istifadəçilər üçün müxtəlif məhdudiyyətlər qoyula bilər.

Virtual açarların dəstəklənməsi bütün BMW model xətti üçün standart olacaqdır. Digital Key sistemi yalnız bu ilin 1 iyulundan sonra konveyer xəttindən çıxacaq yeni avtomobillərdə tətbiq ediləcəkdir. Bu funksiyadan iPhone XR, iPhone XS və ya daha yeni smartfonların, həmçinin Apple Watch Series 5 saatının sahibləri istifadə edə bilərlər.