Keçən yay Maserati gələcək GranTurismo kupesinin kamuflyajlı şəkillərini dərc etsə də, bu günə qədər onun seriya versiyası görməyib. Kupenin debütü növbəti dəfə təxirə salınıb: yeni məlumata görə, ikinci nəsil GranTurismo bazara yalnız 2023-cü ildə çıxacaqdır.

Lakin, benzinlə işləyən avtomobillərə əlavə olaraq, modelin modifikasiya çeşidinə elektrik versiyası da daxil olacaqdır. İtalyan şirkəti məhz GranTurismo EV kupesi ilə Folgore (italyancadan tərcümədə “ildırım”) adlandırılmış elektromobillər çeşidinin formalaşdırılmasına başlayacaqdır.

Yeni şəkillərdə gələcək elektromobil daha sadə kamuflyaj örtüyü ilə nümayiş etdirilir ki, bu da, onun kuzovunun nisbətlərini və formasını qiymətləndirməyə imkan verir. Gözlənildiyi kimi, GranTurismo tanınan siluetini qoruyub saxlayacaqdır.

Bununla belə, avtomobilin işıq texnikası daha nazik, ön hava girişi isə oval formaya sahib olublar. İlkin məlumata görə, elektrik versiyası 800-voltluq batareya və ümumi hasilatı 1200 at qüvvəsi olan üç elektrik mühərriki ilə təchiz ediləcəkdir.

Elektrik kupesi 100 km/saat həddini üç saniyədən az müddətdə toplayacaq və 300 km/saat üzərində maksimal sürət həddinə malik olacaqdır.

İkinci nəsil Maserati GranTurismo kupesi Levante krossoverləri ilə birlikdə Turindəki Fiat Mirafiori zavodunda istehsal olunacaq. Xatırladaq ki, modelin birinci nəsli Modenada buraxılırdı.

Plana əsasən, Folgore elektrik çeşidi sürətlə genişlənəcəkdir: 2023-cü ildə Maserati Grecale krossoverinin elektrik versiyası, onun ardınca 2025-ci ilin sonunda Maserati MC20 elektrik superkarı, habelə Quattroporte və Levante modellərinin yeni nəsilləri debüt edəcəkdir. 2030-cu ilə qədər Maserati tamamilə elektromobillərə keçməlidir.

Yeri gəlmişkən, “elektrikləşmə” elanı ilə birlikdə, ötən ilin nəticələrinə də yekun vurulub. Ən başlıcası - italyan şirkəti 2021-ci ildə 2,02 milyard avro gəlir əldə edib. 2021-ci ildə 24.269 Maserati avtomobili satılıb ki, bu da 2020-ci karantin ililə müqayisədə 41% çoxdur, lakin 51.500 avtomobilin satıldığı ən uğurlu 2017-ci il ilə müqayisədə iki dəfə azdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.