Bu günə Mercedes-Benz markasının ən dəbdəbəli iri krossoveri sayılan GLS modelinin növbəti nəsli bu günlərdə Nyu Yorkda işinə başlayacaq avtosalonda debüt etməlidir. Artıq yeni krossoverin prototiplərinə Avropanın bir sıra şəhərlərində də rast gəlinib.

Əvvəllər güclü kamuflyajla örtülü olan sınaq prototipləri, artıq bu kamuflyajın bir hissəsini üzərlərindən də atmağa imkan tapıblar. Bəs yeni krossover haqqında bu günə olan məlumat nədən ibarətdir?

Beləliklə, yeni Mercedes-Benz GLS krossoveri MHA (Modular High Architecture) modul platformasında inşa edilib. Bu platforma sonuncu nəsil GLE modelinin də əsasını təşkil edir. Cari modellə müqayisədə yeni yeddiyerli krossover daha iri olacaq, rahatlıq və salon keyfiyyətinə görə bayraqdar S-Class sedanına yaxınlaşacaqdır.

Yeni GLS modelinin mühərrik çeşidinə stratyor-generatoru olan 3,0-litrlik sıralı altı silindrli mühərriklərin daxil olacağını ehtimal etmək olar. Bu aqreqatların güc diapazonu 340-460 at qüvvəsi arasında olmalıdır. Bundan başqa, mühərrik çeşirində 630 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərrikinin də daxil ediləcəyi şübhəsizdir. Bu mühərrik “bərkgedən” Mercedes-AMG GLS 63 4Matic modifikasiyasının kapotunun altında quraşdırılacaqdır.

Əlbəttə ki, müasir cərəyanlara uyğun olaraq, hibrid modifikasiyaların təklif ediləcəyi də gözləmək gərəkdir. Şayiələrə görə, Mercedes-Benz GLS 560 S versiyası 370 at qüvvəli 3,0-litrlik turbomühərrik və onunla tandemdə çalışan 120 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən elektromotor ilə təchiz ediləcəkdir. Bundan başqa, “bərkgedən” Mercedes-AMG GLS 73 4Matic modifikasiyasının və 2,0-litrlik dörd silindrli turbomühərrikin bazasında yaradılmış hibrid aqreqatına məxsus olan əlçatan variantın da təklif ediləcəyi istisna olunmur. Sonuncu modifikasiya yalnız Çin bazarında satılacaqdır.

Krossoverin təchizatına pnevmatik asqı və 12,3-düymlük displeyi olan MBUX multimedia sistemi mütləq daxil olacaqdır. Bundan başqa, çoxdan gözlənilən dəbdəbəli Mercedes-Maybach GLS krossoveri də təklif ediləcəkdir. Dəbdəbəli versiyanı “balına bığları” adlandırılmış radiator barmaqlığı, daha dəbdəbəli eksteryer və interyer tərtibatı sayəsində ayırd etmək mümkün olacaqdır.